• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu gün Od çərşənbəsidir

CƏMİYYƏT

05 Mart 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün Od çərşənbəsidir

Günəşin yerdəki rəmzi kimi od hər zaman insanlar üçün müqəddəs olub, ona sitayiş edilib.

Novruza 1 ay qalmış qeyd olunan çərşənbələrdən ikincisinə el arasında “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbə” deyilir.

Hər çərşənbə axşamı tonqal qalanır. Amma od çərşənbəsində ocaq qalamağın xüsusi özəlliyi var. İnsanlar tonqal qalayar, daha sonra 3 dəfə "ağırlığım, uğurluğum odda yansın" deyərək tonqalın üstündən tullanar, öz dərdlərindən xilas olar. Od, tonqal,günəş torpağın, havanın isinməsinə, yazın gəlişinə işarədir. Qalanan ocaq il boyu bolluğa, bərəkətə təzahür edir. Odun hər zaman insanları şərdən, pisliklərdən qoruyacağına inanılıb.

Bu gün Novruzun ikinci çərşənbəsi- Od çərşənbəsidir.

AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Bakıvaxtı.az-a bildirib ki, od insana həyat verən 4 ünsürdən biridir və qədimdə insanlar üçün müqəddəs olub:

"Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilir. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklar, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır”.

Qədim zamanlardan yaranan və bu günə qədər çatmış odla bağlı inanclar, atalar sözləri, tapmacalar, alqışlar, qarğışlar var:

Odla bağlı ata sözləri:

“Od qalar köz olar, qız qalar söz olar.

Od qalayıb oda düşmüşük.

Od yanar yerdən tüstü çıxar”.

Odla bağlı inanclar:

“Çərşənbədə ocağı boş qoymazlar.

Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.

Odla bağlı alqışlar:

“Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Ocağın sönməsin”.

Odla bağlı qarqışlar:

Oda düşəsən.

Od ocağa həsrət qalasan.

Ocağın qazan görməsin.

Odla bağlı tapmacalar:

“Evdən - evə qızıl yaylıq” (od ).

Qeyd edək ki, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək.

Ölkəmizə yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Od çərşənbəniz mübarək! Odunuz, ocağınız heç bir zaman sönməsin!

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026