“Taxıla məhdudiyyət qoyan ölkələr bu ilin iyun ayına qədər bunu tətbiq edəcək”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.
Onun sözlərinə görə, taxıl xaricdən alınır deyə, qiymətlər yüksəkdir:
“Biz məsələn, buğdanın çox hissəsini Rusiyadan alırdıq, indi isə Qazaxıstana keçmişik. Lakin artıq Qazaxıstan da buğda ixracatına kvotalar qoyub. Mən müstəqilliyimizin ilk illərində bu vəziyyətin şahidi olmuşam. Lakin arzu etməzdim ki, eyni hal təkrar baş versin".
Deputat deyib ki, müəyyən vaxt kəsiyində 2 məsələyə diqqəti artırmaq lazımdır: "Taxıl xaricdən alınırsa, təbii ki, qiymət yuxarı olacaq. Lakin qiymətə önəm verməyib, xalqın tələbatını düşünmək lazımdır. İkincisi isə, bu yaranmış stiuasiyadan istifadə edib çörəyin qiymətini artırmağı düzgün hesab etmirəm. Çörəyin qiymətini artırmaq doğru yol deyil”.

Müsahibimiz bildirib ki, bu istiqamətdə də hər xalqın mental dəyərləri fərqlidir:
“Məsələn, xalq var ki, hansısa məhsulun qiyməti yuxarı olanda deyir ki, bunun əvəzinə 10 şüşə araq düşür. Amma Azərbaycan xalqı heç vaxt belə düşünmür. Bizdə isə deyirlər ki, bu məhsul bahadır, ona görə ki, bunun əvəzinə 30 kiloqram çörək düşür. Deməli, bu, açıq formada göstərir ki, çörəyin qiymətinin qalxması şüurda digər məhsulların da artımına təsir göstərir”.
Parlamentari bu il bu sahədə bir az çətinliklər olacağını vurğulayıb:
“Həmin çətinlikləri adlamaq üçün xaricdən taxıl gətirilməsinə və yerli istehsalın artırılmasına nəzarət etmək lazımdır. Məsələn, Şəki taxılçılıq üçün ən yararlı regionlardan biridir. Orda istehsal olunan taxıl Şəki əhalisinin tələbatını ödəməklə yanaşı, ümumi əhalinin tələbatının ödənilməsində töhfə verə bilər”.
Nuranə Daxilqızı
















