Xəbər verdiyimiz kimi, Bakıda “Texnofest” festivalına start verilib. Festival cəmiyyətdə olduqca böyük marağa səbəb oldu. Bu gün "Teknofest"in ikinci günüdür.
Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloger Fərid Pərdəşünas Bakıvaxtı.az-a festivalla bağlı təəssüratlarını bildirib: ““Texnofest” ilə bağlı təcrübələrim çox yaxşıdır. Sözün düzü, bu qədər böyük maraq gözləmirdim. Tədbirin ilk günü çox izdihamlı oldu. Böyük bir iştirakçı kütləsi axın etmişdi. Demək olar, səhərdən axşama kimi girişlər və çıxışlar dayanmadı”.
Texnoblogerin sözlərinə görə, insanların əsas diqqətini çəkən aviaşoulardır: “Gün ərzində bir neçə dəfə yerli və türk pilotları tərəfindən həm helikopter, həm təyyarə, həm də pilotsuz aparatların uçaraq öz məharətlərini göstərmələri nəticəsində aviaşoular təşkil olunur. İnsanların əksəriyyəti övladlarını bu festivala gətirib yeni texnologiyalarla tanış etmək istəyirlər”.
F.Pərdəşünas qeyd edib ki, tədbir iki istiqamətdə təşkil olunub: “Bir hissəsi texnoloji festival, startup yarışları, konfrans, digər hissəsi isə daha çox aviakosmik hadisələrlə bağlıdır. Burada hərbi və aviasiya texnologiyaları, pilotsuz uçan aparatlar nümayiş etdirilir. Ümumi götürdükdə, tədbirin ilk günü çox maraqlı keçdi, tədbirin proqramı tamamilə doldu, bir an belə dayanmır. Müxtəlif şoular da bu tədbirin bir parçasıdır. Tədbirin əsas hissəsi açıq hava şəraitində təşkil olunub. "Kristal Hall"ın daxilində isə oyunçular üçüm yarışlar təşkil olunub. Onlar da bu üç gün ərzində bir birləri ilə yarışırlar".
Tədbir bu gün də daxil olmaqla üç gün davam edəcək. Odur ki, kimsə hələ də tədbirdə iştirak etməyibsə, məlumata görə, sırf bu gün üçün daha 10 min bilet çıxarılıb.
"Tədbirə maraq çox olduğundan biletlər tükənib. Sadəcə bu gün üçün daha 10 min yer açılıb”, - deyə Fərid Pərdəşünas qeyd edib.
Aytac Aslan




















