• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çoxqütblü dünyaya açılan qapı: İlham Əliyevin BRİCS mesajı

SİYASƏT

25 Oktyabr 2024 | 15:45 | Müəllif: Əli Hüseynov

Çoxqütblü dünyaya açılan qapı: İlham Əliyevin BRİCS mesajı

BRİCS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika - inkişaf etməkdə olan iqtisadiyyatları bir araya gətirən və qlobal iqtisadi-siyasi sistemdə balans yaratmaq üçün fəaliyyət göstərən strateji bir platformadır. Bu platforma əsasən iqtisadi inkişaf, qlobal güc balansı, eləcə də beynəlxalq problemlərə daha ədalətli yanaşma təmin etməyi hədəfləyir.

Son illərdə BRİCS-in fəaliyyət dairəsi genişlənərək dünya səhnəsində daha əhəmiyyətli rol almağa başlayıb və inkişaf etməkdə olan ölkələrin səsi kimi ön plana çıxıb.

Azərbaycan prezidenti İlham Əliyevin BRİCS platformasında çıxışı, ölkənin bu təşkilatla əməkdaşlıq perspektivlərini və dünyadakı çoxqütblü sistemin təşviqi üçün töhfələrini önə çıxarır. Prezidentin çıxışı, Azərbaycanın qlobal inteqrasiyada fəal iştirakını və dünya iqtisadiyyatında yeni tərəfdaşlıq əlaqələrini qurmaq istəyini nümayiş etdirir. İlham Əliyev BRİCS-in qlobal inkişaf proseslərinə daha geniş təsir göstərmək üçün əməkdaşlıq formatında yeniliklərə açıq olduğunu vurğulayaraq, Azərbaycanın BRİCS çərçivəsində daha dərin inteqrasiya addımları atmağa hazır olduğunu bildirir.

Bəs təşkilata üzvlük ölkəmizə nələr vəd edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın BRİCS-ə hansı səbəblərdən önəm verdiyini müəyyənləşdirmək üçün, ilk növbədə üzv ölkələrin vahid potensialını, iqtisadi gücünü, insan və təbii resurslarını dəyərləndirmək lazımdır:

"BRİCS dünyanın nəhəng resurslara malik böyük və sürətlə inkişaf edən iqtisadiyyatlarının birliyidir. BRİCS ölkələrinin əhalisi planetin əhalisinin 43 faizini, ümumdaxili məhsulu qlobal ÜDM-in 27 faizini, ticarət dövriyyələri isə dünya ticarətinin 15 faizini təşkil edir".

Deputat qeyd edib ki, “Blomberg”in hesablamalarına görə, BRİCS ölkələrinin dünya ÜDM-də payı 2040-cı ilə qədər 36 faizdən 45 faizə yüksələcək ki, bu da G7 ölkələrinin payından iki dəfə çoxdur. Bəzi proqnozlara görə isə, 2050-ci ildə BRİCS-in hazırkı üzvlərinin ÜDM-i bütün inkişaf etmiş ölkələrin ÜDM-in 90 faizini keçəcək və bu, artıq dünyanın keyfiyyətcə fərqli mənzərəsi deməkdir. Əksər ekspertlər BRİCS-i qlobal inkişafın, ticarətin və investisiyaların hərəkətverici qüvvəsi hesab edirlər. Bu tezis BRİCS ölkələrinin iqtisadiyyatlarının dinamik inkişafı, modernləşmə və innovasiyanın yüksək templəri, mütərəqqi sosial-iqtisadi transformasiyaların dəstəklənməsinə, müasir dünyada sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ardıcıl və balanslaşdırılmış xarici siyasət gündəliyinə əsaslanır:

"Həmçinin nəzərə almaq lazımdır ki, BRİCS qlobal miqyasda ən sürətlə inkişaf edən iqtisadiyyatların iştirak etdiyi və cəmləşdiyi platformadır. Azərbaycan isə son illər müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrini fəal şəkildə inkişaf etdirir, dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa çalışır. Düşünürəm ki, BRİCS-lə yaxından əməkdaşlıq bu siyasətin məntiqi davamıdır və bu proses ölkəyə dayanıqlı inkişaf yolunu daha sürətlə davam etdirməyə imkan verəcək".

Elçin Mirzəbəyli, həmçinin, İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışına da şərh verib:

"Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışını da BRİCS-Azərbaycan əməkdaşlığının hər iki tərəf üçün qarşılıqlı faydalılıq prinsipi müstəvisindən dəyərləndirmək lazımdir. Məlumdur ki, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi ölkəmizin qlobal proseslərə baxış bucağının ana xəttini təşkil etməklə yanaşı, “daha ədalətli və daha təhlükəsiz dünya” modelinin təşəkkül tapmasına xidmət edir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz tərəfindən əyani şəkildə nümayiş etdirilib".

Elçin Mirzəbəyli: Prezidentin dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Müsahibimiz diqqətə çatdırıb ki, dövlətimizin başçısının vurğuladığı kimi Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsidir ki, bu amil BRİCS üzvü olan ölkələrin qlobal iqtisadiyyatın böhranlardan qorunması üçün, tamamilə iqtisadi fəallığın artırılmasına xidmət edən, geosiyasi təzyiq mexanimlərinin təsirinə məruz qalmayacaq alternativlərin yaradılması, yaxud inkişaf etdirilməsi ilə bağlı fundamental baxış bucağı ilə üst-üstə düşür.

Siyasətçi son olaraq Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasının əhəmiyyətini artıran məqamlardan biinin sözügedən tədbirin Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliyə doğru aparılması üçün subyektiv müdaxilələrdən uzaq platforma funksiyasını yerinə yetirməsi olduğunu deyib:

"Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatın verilməsi prosesdə nəzərə çarpan müsbət tendensiya kimi qoymətləndirilə bilər".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR