Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı bəzi tapşırıqlar verib.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.
Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.