• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Evimizə girən səssiz qatil: Bir ayda 33 nəfər...

CƏMİYYƏT

14 Mart 2024 | 14:07

Evimizə girən səssiz qatil: Bir ayda 33 nəfər...

Son illərin statistikası ölkədə dəm qazından zəhərlənmələrin sayının artığını göstərir.

Bakıvaxtı.az dəm qazından zəhərlənmələrlə bağlı mətbuatda gedən məlumatlara əsasən xəbər verir ki. təkcə son 1 ay ərzində 33 nəfər dəm qazından zəhərlənib.

Belə ki, fevralın 16-da Lənkəranda 1964-cü il təvəllüdlü Nayibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova, Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından zəhərlənib.

Fevralın 21-dən 22-ə keçən gecə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 6 nəfər tələbəsi dəm qazından zəhərlənib: 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov.

Martın 2-də Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Mahirə Məhəmməd qızı Mədətova dəm qazından zəhərlənib.

Martın 3-də Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Həmin tarixdə İmişli rayonunun Otuzikikənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.

Martın 4-də Gəncədə ana və oğlu dəm qazından zəhərlənib. Şəhərin Atatürk prospektində binalardan birində yaşayan ana və oğlu dəm qazından zəhərlənib. Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.

Martın 10-da Şamaxının Quşçu kənd sakinləri - 1999-cu il təvəllüdlü Türkan Habil qızı Məmmədova və 1992-ci il təvəllüdlü Ömər Qırımxan oğlu Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Martın 11-də Gədəbəydə bir ailənin 4 üzvü olmaqla 7 nəfər dəm qazından zəhərlənib. Rayonun Qardağ kənd sakinləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, eləcə də Gərgər kəndindən olan 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənib.

Martın 11-də Sumqayıtda da 5 nəfər zəhərlənib. “Betonzavod” adlanan ərazidə fərdi yaşayış evində Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Zeynalabdin Tağıyev adına qəsəbədə yaşayan, 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızı zəhərləniblər.

Martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfər- 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlu dəm qazından zəhərlənərək ölüb.

Bu gün isə Neftçalada 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu yaşadığı Ramazanlı kəndində yerləşən fərdi yaşayış evində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

İnsanlar nəyə fikir verməlidirlər ki, belə bədbəxt hadisə ilə qarşılaşmasınlar?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, dəm qazının qurbanına çevrilməmək üçün mütləq qaz təhcizatına dair olan təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Yəni evdə, iş yerində, qeyri-yaşayış sahəsində fərq etməz, əgər qaz təchizatı varsa, artıq orada təhlükə var deməkdir:

Ekspert izah edib ki, qazın kimyəvi xassəsi yanır, partlayır və düzgün istismar olunmadıqda dəm qazının yaranma təhlükəsi var ki, bu da insanların həyat və sağlamlığı üçün təhlükəlidir:

“Birinci növbədə havalandırma, ikinci tüstü bacalarının təmizlənməsi və dəm qazı əleyhinə detektorlar olmalıdır. Baxın, bu 3 amil eyni anda və işlək vəziyyətdə olarsa 100% dəm qazından qorunmaq olar. Bunlardan heç olmasa 1i olsa, bədbəxt hadisədən qismən qorunmaq olur”.

Elmar Nurəliyev: Otaqda hava kütləsinin 0,1 faizi kifayətdir ki, 5-7 dəqiqədən sonra...

E.Nurəliyev deyib ki, qazın yanması üçün ən birinci amil havanın olmasıdır. Çünki havasızlıq olarsa, orda yanma prosesi pozulacaq. Dəm qazı natamam yanma məhsuludur ki, yanma prosesi düzgün getmədikdə, dəm qazı yaranır:

“Otaqda olan hava kütləsinin 0,1 faizi kifayətdir ki, 5-7 dəqiqədən sonra artıq dəm qazının qurbanına çevrilmək üçün şərait yaransın. 2 gözlü qaz peçi üçün otağın minimum həcmi 8 kvadrat olmalıdır. Yəni 2 gözlü qaz peçi bir otaqda işləyirsə, 8 kub həcmində hava olmalıdır. 3 gözlü qaz peçində 12 kub, 4 gözlü qaz peçində isə otağın həcmi minimum 15 kvadrat olmalıdır. Əgər 4 gözlü peçlə bərabər otaqda su qızdırıcı da varsa, otağın həcmi minimum 20 kvadrat olmalıdır”.

Onun sözlərinə görə, hətta standartlara cavab verən qaz sobası olsa belə, onun tüstü bacası yoxdursa, tüstü bacası işlək vəziyyətdə deyilsə, havalandırma yoxdursa, qaz bir otaqdan digərinə qeyri-metal borularla çəkilibsə və yaxud da kənar müdaxilələr olubsa, bəzən qaz cihazlarına kənar müdaxilələr edirlər, əlbəttə ki, belə olan halda yenə də yanma prosesi pozulacaq:

“Ona görə qaz təchizatı mütləq metal borularla çəkilməlidir, layihədə harda göstərilibsə, həmin otaqda olmalıdır. Ona görə mütləq insanlar buna diqqət etməlidirlər. Mütləq dəm qazı əleyhinə dedektorların qurşdırılmasını təmin etməlidirlər. Təbii ki, qanunvericilikdə də bu təsbit olunub. Həm dəm qazı əleyhinə, həm qaz sızması əleyhinə”.

Ekspert bildirib ki, dəm qazı əleyhinə olan dedektor dəm qazı olarsa, siqnalizasiyası işə düşür, istifadəçi bununla bağlı məlumatlı olur. Bundan başqa heç cür istifadəçi bundan xəbərdar ola bilməz. Çünki dəm qazı rəngsizdir, iysizdir, dadsızdır, bunu gözlə görmək olmur. Baş verəndə insanın xəbəri olmur və onun qurbanına çevrilmiş olur.

Dəm qazının, əsasən hamam otaqlarında yarandığını söyləyən həmsöhbətimiz, bunu hamam otaqlarının standartlara cavab verməməsi ilə əlaqələndirir:

“Bununla belə əgər dedektor olarsa, bunun qurbanına çevrilməkdən sığortalanmaq olar. Ümumiyyətlə, qaz təchizatının hamam otağında olması yolverilməzdir. Amma əgər quraşdırılıbsa, mütləq onun tüstü bacası, havalandırması, nəfəsliyi və dəm qazı əleyhinə dedektor olmalıdır. Amma təəssüf ki, elə olur ki, hamam otağı 2-3 kvadrat bir sahədir, orada suqızdırıcı da var, ptiminutka da. Amma bununla belə nə havalandırma, nə nəfəslik var. Belə olanda əlbəttə, içəridə kifayət qədər hava olmur ki, qaz yansın. Nəticədə yanma pozulur və dəm qazı əmələ gəlir”.

Müsahibimiz tüstü bacalarının illərlə təmizlənmədiyini, qırıq, deşik, çat olduğunu, bununla da məişət tullantılarının, heyvan cəsədlərinin ora düşərək yanma prosesini pozduğunu qeyd edib.

E.Nurəliyev sonda tüstü bacalarının insanların özünün də yoxlaya biləcəyini bildirərək, izah edib ki, bir kağız parçasını yandırıb, tüstü bacasına tutduqda tüstü bacasının soyuma qabiliyyətini yoxlamaq olar.

“Bu ciddi məsələdir və insanlar mütləq buna ciddi riayət etməlidirlər: tüstü bacası işlək olmalı, havalandırma və dəm qazı əleyhinə dedektor olmalıdır”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026