"Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Aygün Bəylər, bizi çox tez tərk etdin".
Bu sözləri Bakıvaxtı.az-a Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
"Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu".
C.Quliyev deyib ki, A.Bəylərlə çox böyük layihələri olub: "Bir qismini həyata keçirmişdik, bir qismini yox. Aygünlə bağlı hər şey xatirədir. O, heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmırdı. Ona görə də, elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bax belə bir həyat yaşadı".
"Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində həyatı keçdi. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik", - deyə Cavanşir Quliyev əlavə edib.
Ziyafət Əlisoy










jpg-1707215751.webp)




