İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan, 3-nü isə həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm halının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib.
Statistikadan da göründüyü kimi, ən çox zəhərlənmə dərman qəbulu nəticəsində olub.
Dərmandan zəhərlənmə hansı hallarda baş verir? Apteklərdə bir çox dərmanın reseptsiz satılması buna səbəb ola bilərmi?
Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bəzən xəstələr dərman zəhərlənməsi ilə dərmana qarşı reaksiyanı qarşıdırırlar. Onun sözlərinə görə, əksəriyyət dərmana qarşı reaksiyanı da zəhərlənmə kimi qəbul edir.
Müsahibimiz bildirib ki, dərman zəhərlənməsi həkimin yazdığı dozadan artıq qəbul olunduqda baş verir. Həmçinin, vaxtı keçmiş dərmanların qəbulu da müəyyən zəhərlənmələrə gətirib çıxarır. Hətta bu zaman bədəndə müəyyən zədələnmələr də yarana bilər.

Rasif Bağırov: Vaxtı keçmiş dərmanların qəbulu da müəyyən zəhərlənmələrə gətirib çıxarır
Həkim qeyd edib ki, xəstə aptekə istər reseptlə getsin, istərsə də resepsiz, vaxtı keçmiş dərman satılmamalıdır: “Bütün dərman vasitələri təzə olmalıdır ki, insanlar istifadə edə bilsin”.
Müsahibimiz bildirib ki, əsasən, dərman zəhələnmələri sui-qəsd zamanı da baş verir. Belə ki, bəzən insanlar canlarına qəsd etmək üçün çoxlu sayda dərman qəbul edir. Bu zaman zəhərlənmə baş verir.
Onun sözlərinə görə, çox az hallarda dərman həkimin yazdığından daha uzun müddət istifadə olunduqda da zəhərlənmə baş verir: “Təbii ki, vaxtında müdaxilə edildikdə hər şey həll olur”.
Aytac Aslan
















