• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

DTX-dən antiterror əməliyyatı: 5 ölkədə 10 nəfər saxlanılıb

SİYASƏT

18 Sentyabr 2026 | 10:20 | Müəllif: Əli Hüseynov

DTX-dən antiterror əməliyyatı: 5 ölkədə 10 nəfər saxlanılıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmalar zamanı əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinə görə məhkum edilmiş Vüqar Abdullayevin Azərbaycan vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və digərləri ilə ölkədə ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girdiyi müəyyənləşdirilib.

İstintaq-əməliyyat tədbirləri çərçivəsində həmin şəxslərin keçirdikləri gizli görüşlər və telefon danışıqları qeydə alınaraq sənədləşdirilib.

Müəyyən edilib ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf seçdikləri Azərbaycan vətəndaşlarının daimi hərəkət marşrutlarını və mühafizə vəziyyətlərini araşdıraraq məlumatlar toplayıblar. Onların planlaşdırılan cinayət əməllərindən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə də razılığa gəldikləri müəyyən olunub.

Araşdırmalar zamanı, həmçinin cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də xaricdə yaşayan Azərbaycan vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və digərləri vasitəsilə xaricdə dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsini təşkil etdiyi müəyyən edilib.

DTX tərəfindən aparılan araşdırmalar zamanı sosial şəbəkələrdə yayılan saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanan vəsaitlərin mənbəyi və pulköçürmə mexanizmləri ilə bağlı çoxsaylı sübutlar əldə olunub.

Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş şəbəkəsi ifşa edilib.

5 ölkədə paralel keçirilən antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilib.

Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb ediliblər.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026