• Bakı 23° C

    5.17 m/s

Dünya çörəklə sınağa çəkilir: BAHALAŞMA DALĞASI GƏLİR

GÜNDƏM

17 May 2022 | 17:03

Dünya çörəklə sınağa çəkilir: BAHALAŞMA DALĞASI GƏLİR

Rusiya, Ukrayna və Qazaxıstandan sonra Hindistanda da taxıl ixracını qadağan edən qərar qəbul edib. Bu qərarlar isə dünyada taxılın qiymətinin bahalaşmasına təsir edəcək.

İqtisadçı-alim Nazim Bəydəmirli Bakıvaxtı.az-a bildirib ki, qida məhsullarına görə Azərbaycan idxaldan asılıdır və bu asılılıq qiymət artımına təsir edir.

“Rusiyanın Ukraynanı işğal etmək üçün apardığı müharibə həm məhsulların qiymətini bahalaşdırır, həm də logistika problemləri yaradır. BMT-nin açıqladığı statistikaya görə, təkcə bu ilin mart ayında dünyada ərzağın qiyməti 33,6 faiz bahalaşıb.

Ukraynanın xarici bazara satmalı olduğu taxıl və digər qida məhsulları limanları blokadada olduğu üçün dünya bazarına çıxarıla bilməyib. Avropa Birliyi qərar qəbul etdi ki, Ukrayna məhsullarını alternativ yollarla dünya bazarına çıxarsın”, -deyə N.Bəydəmirli bildirib.  

O qeyd edib ki, taxıl, günabəxan və bitki yağları, heyvandarlıq məhsulları, şəkər tozu və digər ərzaq məhsullarına görə Azərbaycan Rusiyadan asılıdır: “Rusiyadan asılılığımız çox təhlükəlidir. Ona görə də Azərbaycan hökuməti real bazar münasibətlərini tənzimləməlidir. Belə ki, rəqabət mühitini təmin etməlidir, sahibkarların ucuz maliyyə mənbələrinə çıxışını asanlaşdırmalıdır, monopoliyanı ləğv etməlidir, məmurlar sahibkarlıq fəaliyyətindən uzaqlaşdırılmalı və iqtisadiyyat şəffaflaşdırılmalıdır. Azərbaycan öz ərazisində özünü təmin etmək imkanları var”.

N.Bəydəmirli bildirib ki, idxalla bağlı problem isə əsasən gömrük siyasəti ilə bağlıdır: “Dövlət Gömrük Komitəsi bəyannamə qiymətini artırır, bu isə sahibkarın başqa ölkədən gətirdiyi məhsulları daha da bahalaşdırır, süni qiymət artımı yaradır. Bundan isə əhali əziyyət çəkir. Biz elə etməliyik ki, milli təhlükəsizliyin əsas hissəsi olan ərzaq təhlükəsizliyini təmin edə bilək”.   

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, taxıl qıtlığı olmasa da, dünyada bu məhsulun bahalaşmasına təsir edərəcək.

“Hindistanın dünya taxıl istehsalında ilk üçlükdədir, amma dünya ixracatında payı cəmi 2 faizdir. Bizim Hindistanla birbaşa ticarət əlaqələrimiz yoxdur. Biz taxılı Rusiya, Ukrayna və Qazaxıstandan alırıq”, - deyə X.Kərimli bildirib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026