Son illər dəbdə olan məhsullardan biri də yarımfabrikat qidalardır. İstər sosial şəbəkələrdə, istərsə də marketlərdə yarımfabrikat qidalar görürük. Xüsusilə də, xəngəl, düşbərə, gürzə və s. bu kimi hazırlanması vaxt alan xəmir yeməkləri insanlar tərəfindən böyük marağa səbəb olur.
Bu məhsullara tələbatın olmasının əsas səbəblərindən biri də üzərində tam qatqısız olduğu ilə bağlı məlumat yazılmasıdır.
Doğrudan da, yarımfabrikat qidalar qatqısız və sağlamdır?
Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeməklərin ev üsulu ilə hazırlanması ilə sənaye üsulunda hazırlanması arasında fərq var:
“Məsələn, Ukrayna, Türkiyə və MDB ölkələrindən gələn sənaye üsulu ilə hazırlanmış düşbərələr var. Qət etdiyi yol boyu qida zəncirində qırılma olmursa, deməli, problem yoxdur. Düşbərə, gürzə, xəngəl və s. bu kimi qidalar -18 dərəcədə dondurucuda qalmalıdır. Şok vəziyyətində olmalıdırlar ki, xəmir su salıb bir-birinə yapışmasın, mikrobioloji çirklənmə əmələ gəlməsin. Daşınmasında problem yoxdursa, yeyilməsində də yoxdur”.
Onun sözlərinə görə, hər hansı insanın evində düşbərə hazırlayıb vergidən yayınaraq satması halı ola bilər:
“Biz həmişə kasıbın tərəfində olmuşuq, o öz yerində. Amma vergi ödəciyisi olduqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) keçməlidir. AQTA qidanın hansı şəraitdə hazırlanması ilə bağlı baxış keçirməlidir. Baxış keçirilərkən qidanın hazırlandığı yerin kvadratı, havalanması, fiziki, kimyəvi və bioloji çirklənmənin olub-olmamasına diqqət yetirilir. Bunlar hamısı şərtdir”.
Mütəxəssis qeyd edib ki, bəzən ən yaxşı brendin bir-birinə yapışmış, deformasiyaya uğramış halda düşbərə satdığını görürük:
“Bu təhlükəlidir, ya marketdəki soyuducunun ağzı açıq qalıb, ya da qida zəncirində qırılma olub. Deformasiyaya uğramış məhsul zəhərlənmə verə bilər. Məhsullar xarici ölkədən daşınanda soyuducu xarab ola bilər. Bu zaman məhsul ya geri qaytarılmalı, ya da ünvana çatdırılmalıdır. Riskə gedərək ünvana çatdırırlar. Ünvana çatana qədər temperatur yüksəldiyi üçün məhsul mikrobioloji çirklənməyə məruz qalır. Bütün bunlar qida zəhərlənməsinə səbəb ola bilər. Ona görə, istehlakçılar iki şeyə əməl etməlidir. Birincisi, tənbəlliyin daşını atıb hər kəs öz düşbərəsini bükməlidir. Bükə bilmirsə, gedib restoranda yeməlidir. İkincisi, alan zaman qidaların bir-birinə yapışıb-yapışmamasına diqqət etməlidirlər. Əlavə olaraq, bişirən zaman hər hansı pis qoxu gələrsə, yeməsinlər. Bu zaman məhsulu birbaşa aldığınız yerə qaytara və ya AQTA-nın qaynar xəttinə müraciət edə bilərsiniz”.

Ağa Salamov: İndi ailələr ancaq dönər, pizza, pide sifariş verir
Nüsahibimiz qeyd edib ki, bir az hərəkət etmək, qız uşaqlarına örnək olmaq lazımdır:
“İndi deyəcəklər, Ağa Salamov keçmişdə qalıb. Nə möcüzədirsə, ləzzətli bir şey yedikdə deyirik ki, anamın bişirdiyi kimidir. Hamının anası hər zaman dadlı bişirir. İndi o anaların, nənələrin sayı azalıb. Özünə bax, amma yemək də bişir, düşbərə də bük. Nə olar, qoy o uşaq da sənin əlindən qidalansın. Mədəniyyətimiz itməsin, süfrə mədəniyyətimiz formalaşsın. Bizim nəyimizə lazımdır haranınsa düşbərəsini alıb yemək. Bizə milli düşbərəmizin formalaşması lazımdır, bu da ailələrdə olur. İndi ailələr ancaq dönər, pizza, pide sifariş verir. Uşaq gözünü açıb bununla böyüdüyü üçün süfrə mədəniyyəti yoxa çıxır. Analar anlamalıdır ki, uşaq yeməyi onların əlindən yedikdə beyin fəaliyyətləri güclənir, sağlam olurlar”.
Aytac Aslan
















