Bakıvaxtı.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir.
- Ötən həftə Rusiya prezidenti Vladimir Putin Bakıya səfər etdi. Sizcə, bu səfəri zəruri edən hansı məsələlər idi?
- Müzakirələr zamanı Vladimir Putin bəyan etdi ki, Azərbaycan prezidenti İlham Əiyevlə sülh sazişi çərçivəsində normallaşma prosesini müzakirə ediblər. Həmçinin Vladimir Putin qeyd etdi ki, görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla da bu barədə danışıqlar aparacaq. Sonra Kreml elan etdi ki, Putinlə Paşinyan arasında danışıqlar baş tutub. İki gündən sonra Rusiya prezidenti Azərbaycan liderinə zəng vurub, məlumatlandırdı. Nələrin müzakirə olunması, hansı mesajların çatdırılması və işlərin hansı istiqamətdə getməsinə dair Rusiya öz vasitəçiliyini göstərməyə çalışır. Bunun bizə ziyanı yoxdur. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, birbaşa danışıqlar aparılsın. Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın mesajları Paşinyana çatdırıldı, Ermənistanın Baş nazirinin də cavabları bizə təqdim olundu. Görünür, bu istiqamətdə işlər davam edəcək.
- Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflə hərbi təlimlər keçirir...
- Bəli, rəsmi İrəvan vaxt uzadır. Ermənistan konstitusiyasını dəyişdirməsə, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, sülh sazişinin mənası qalmır. Çünki indiki halda sülh sazişi imzalansa, Ermənistanda yeni hökumət gəlsə, o məsələni Konstitusiya Məhkəməsinə verib, sülh sazişini ləğv edə bilər. Ona görə də bunun üzərində işlənilməlidir. Ermənistanın daxili qanunvericiliyinin necə işlədiyini bilmirəm. Onların konstitusiyaya dəyişiklikmi etmək istəyirlər, yoxsa yeni konstitusiyamı qəbul etmək istəyirlər, bunu araşdırmaq lazımdır. Məsələn, Amerika 250 ildir, konstitusiyasını dəyişdirmir, sadəcə əlavələr edir. Amma elə ölkə var ki, yeni mərhələdə yeni kostitusiya qəbul edir. Konstitusiyaya dəyişiklik etmədən, tezliklə sülh sazişindən danışmaq yersizdir. Kİ, Ermənistan rəsmiləri bəzi hallarda bu barədə açıqlamalar verirlər.
- Konstitusiya dəyişdirilməsə, Türkiyə ilə Ermənistan arasında da problemlər qalacaq...
- Əlbəttə, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiaları var. Türkiyə də bu məsələni yaxşı bilir. Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı, Andranik və Njdenin də heykəli götürülməlidir. Bu adamlar azərbaycanlılara, türklərə qarşı soyqrımı həyata keçiriblər. Buna dair də tələblər qoyulmalıdır. Ermənilər bildirirlər ki, bu heykəllər tarixdir. Bu, necə tarix ola bilər?! Almaniyada Hitlerin çoxsaylı heykəli vardı, hamısını dağıtdılar.
- İddialar var ki, Rusiya Azərbaycanı Ermənistanla yeni müharibəyə təhrik edir. Sizcə, doğru yanaşmadırmı?
- İnanmıram, çünki yeni müharibə üçün zaman və zəmin yetişməyib. Amma Naxçıvanla Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin açılacağına inanıram. Bu, gec-tez baş tutacaq. Məndə buna dair zərrə də şübhə yoxdur. Düzdür, Azərbaycan məsələni İran üzərindən həll edib. Yəni İrandan Naxçıvana gediləcək, amma müzakirələr var ki, Ermənistandan da yol çəkmək lazımdır. Ermənistan hökuməti tərpənmək istəmir. Ermənistan tərəfi bəyan edir ki, sərhədləri açmaq, sülhə nail olmaq istəyirlər. Adama sual verərlər ki, niyə sözlərinizə əməl etmirsiniz? Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyadan asılıdır. Belə məqamda onlar Zəngəzur dəhlizini açıb, gəlir əldə edə bilərlər. Heç olmasa, elan et ki, dəmiryolunun inşasına büdcədən bu qədər maliyyə ayırmışam. Avropa İttifaqı elan etdi ki, sözügedən yolun tikintisinə sərmayə qoymağa hazırdır. Ermənistan nə Avropadan pul qəbul edir, nə özü büdcədən vəsait ayırır.
- İddialar var ki, Ermənistan Rusiya orbitindən çıxıb Qərbə inteqrasiya yolunu tutmaq istəyir. Bu, mümkün olacaqmı?
- Xeyr, çünki birincisi, iqtisadiyyatının 80 faizi Rusiyaya bağlıdır. İkincisi, Rusiyanın o qədər təzyiq rıçaqları var ki... Rusiya Ermənistana satdığı qazın qiymətini 10 dollar bahalaşdırsa, Ermənistan iqtisadiyyatı çökəcək. Onlar bütün enerjini Rusiyadan alır.
- Elmar müəllim, bilirsiniz ki, ölkəmizdə 1 sentyabrda növbədənkənar parlament seçkiləri baş tutacaq. Nə üçün namizədliyinizi irəli sürmədiniz?
- Bu barədə düşünməmişəm. Mənim üçün uyğun deyil. İstəsəydim, namizədliyimi verədim, amma özüm vermədim.
- Beynəlxalq təcrübədən də görürük ki, uzun illər hökumətdə yüksək post tutan şəxsləri hansısa mərkəzlərə və ya hökumətin hansısa beyin mərkəzinə cəlb edirlər. Sizə də belə təkliflər gəlirmi?
- Düzünü desəm, gəlir. Bir-iki təklif gəlmişdi, amma mənim üçün maraqlı olmadı deyə imtina etdim. Əvvəlcə onlara dedim ki, bu barədə düşünərəm, amma sonda bildirdim ki, mənim üçün maraqlı deyil.
- Təklif hökumətdən gəlmişdi?
- Həm özəldən, həm də dövlətdən. Əsas özəl sektor mənlə işləməkdə maraqlı idi.
- Siyasi məsələlərlə bağlı iş idi?
- Siyasi proqnozlarla bağlı olsa idi, qəbul etmək olardı, beyin mərkəzi kimi fəaliyyət göstərmək olardı, amma idarəçiliklə bağlı idi, qəbul etmədim. Hələlik evdəyəm.
Aydın Baxış