Milli Məclis plenar iclasında ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşdan keçərək qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.
Mövzu ilə bağlı itv-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan millət vəkili Müşfiq Məmmədli bildirib ki, hazırda büdcə müzakirələri gedir və səhiyyə büdcəsi 3 milyard 650 milyonla çatıb:
"Əvəllər xəstəxanada yatıb sonra evə buraxılan xəstələr bərpa müddətindəki dərmanları öz vəsaitləri hesabına alırdılar. Eyni zamanda xəstəxanaya getmədən vətəndaşlar həkimlərin yazdığı reseptləri də öz vəsaitləri ilə əldə edirdilər. Bundan həmin vətəndaşlar yazılmış reseptləri və bərpa dövründəki dərman preparatlarını icbari tibbi sığorta fondunun vəsaiti hesabına alacaqlar. Bura kordioloji, yuxarı tənəffüz yollarının müalicəsi və həzm sistemi ilə bağlı preparatlar daxildir".Baku.ws