• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

İQTİSADİYYAT

22 Yanvar 2026 | 14:30

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində keçirilmiş "Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik" mövzusunda SPECA İqtisadi Forumunda təmsil olunub.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulovun sədrliliyi ilə keçirilən açılış sessiyasında BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katiblərinin videoformatda salamlama çıxışları səsləndirilib.

Forumda ölkəmizi təmsil edən iqtisadiyyat nazirinin müavini Rövnaq Abdullayev çıxışında SPECA İqtisadi Forumunun regionda sülh və etimada əsaslanan iqtisadi əməkdaşlığın, dayanıqlı inkişafın, qarşılıqlı əlaqəliliyin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də rəqəmsallaşma istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Süni intellektin iqtisadiyyatda tətbiqi üzrə yol xəritəsi hazırlanır, beynəlxalq yükdaşımalar üçün Rəqəmsal Logistika Platforması artıq istifadəyə verilib.

Nazir müavini Azərbaycanın SPECA çərçivəsində, o cümlədən Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədlərinə töhfə verdiyini diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə SPECA-ya üzv olan digər dövlətlərin hökumət nümayəndələri - Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Mederbek Tumanov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakov, Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev iştirak ediblər.

21–22 yanvarda Forum çərçivəsində Transxəzər regionunda və ondan kənarda enerji əlaqəliliyi, Avropa-Asiya nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və rəqəmsal ticarət-iqtisadi dəhlizlərin inkişafı mövzularında panel sessiyalar təşkil olunub.


SON XƏBƏRLƏR