Qərar əlavə proqram təminatları əsasında MedBot robotik cərrahiyyə sisteminin tam tətbiqini nəzərdə tutur və hazırda bu istiqamətdə mərhələli işlər aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair brifinqdə deyib.
Direktorun sözlərinə görə, Medbot robotik cərrahiyyə sistemi cərrah–robot qarşılıqlı əlaqəsini daha səmərəli edir və müasir texnologiyalar əsasında qurulmuş qabaqcıl platforma hesab olunur.
Vüqar Qurbanov qeyd edib ki, sistem cərrahi əməliyyatların planlaşdırılması və icrası zamanı yüksək dəqiqlik və effektiv idarəetmə imkanı yaradır, əməliyyat prosesində yarana biləcək texniki və cərrahi çətinliklərin təsirini minimuma endirir. Onun sözlərinə görə, zərurət yarandıqda əməliyyat müddətində birbaşa müdaxilə və tam nəzarət imkanları da mövcuddur.
İcraçı direktor vurğulayıb ki, robotik sistem özü müstəqil şəkildə heç bir tibbi qərar qəbul etmir və xəstəyə birbaşa təsir göstərmir. Bütün tibbi və cərrahi qərarlar yalnız cərrah tərəfindən verilir və proses tam şəkildə həkimin nəzarəti altında həyata keçirilir.
O əlavə edib ki, robotik cərrahiyyənin tətbiqi əməliyyat zamanı qan itkisini əhəmiyyətli dərəcədə azaldır, minimal invaziv yanaşma sayəsində pasiyentlərdə ağrı səviyyəsi aşağı olur, sağalma prosesi daha sürətli gedir və əməliyyatdan sonrakı ağırlaşmaların riski minimuma endirilir.
Qeyd edilib ki, bu sistem ümumi cərrahiyyə, urologiya, prostat əməliyyatları, ürək-damar cərrahiyyəsi və digər sahələrdə geniş tətbiq imkanlarına malikdir.
Zeynəb Rzayeva
Bakı 



