COP29 çərçivəsində "Şəffaflıqda Gender" adlı yüksək səviyyəli tədbir keçirilib.
Bakıvaxtı.az xəbər veriri ki, tədbirin moderatoru BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin üzvü, professor Rangita de Silva de Alwis olub. COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də iqlim bərabərliyinin təməl daşıdır:
"Qadınlar və gənc qızlar xüsusilə həssas vəziyyətdədir. Qadınlar və qızlar iqlim problemlərinin həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirərək həll yollarının önündədirlər. İqlim problemləri milyonlarla insanı aclıq içində yaşamağa məcbur edir. Biz qadınların cəmiyyətdə rolunun artırılmasını vacib sayırıq. Gender komponentlərinin şəffaflıq prosesində iştirakını gücləndirməliyik. Şəffaflıq hesabatları bu ilin sonunadək təqdim edilməlidir. Gəlin, "Lima Tədbirlər Planı" əsasında müəyyən olunmuş prinsiplərə əməl edək".
UNFCCC-nin icraçı katibinin müavini Noura Hamladji artıq iqlim fəaliyyəti sahəsinə yatırılan sərmayələrin artırılmasına çalışmalı olduğumuzu söyləyib:
"Xüsusilə də bu sahədə qadınların rolu genişləndirilməlidir. İqlim maliyyəsi COP29-un əsas prioritetidir. Nə qədər çox maliyyə əldə olunarsa, bu bir o qədər yaxşı olacaq. Biz bilirik ki hər bir şəxs öz əlində olan səlayyihətlər çərçivəsində işləyərsə, bu fəaliyyət planetə faydalı olacaqdır. Biz iqlim fəaliyyətinin mərkəzində nə dayanmalı olduğunu bilməliyik. Əldə olunmuş yaxşı təcrübəni daha geniş miqyasda həyata keçirməliyik. Qeyd etməliyəm ki, icmalar təsirə məruz qalır. Bəs qadınların rolu burada nə qədər vacibdir? Biz get-gedə daha çox sübut əldə edirik ki, həmin bu tədbirlər öz nəticəsini verir. Qadınlar güclü insanlar kimi cəmiyyətdə öz rollarını daha da möhkəmləndirməlidir".
BMT-də Qadınların Səlahiyyətləndirilməsi üzrə məsul şəxs Jemimah Njuki bildirib ki, COP29 artıq iqlim maliyyəsi adı altında tanınmağa başlayıb:
"Bizim üçün əsas prioritet şəffaflığın təminatıdır. BMT hər zaman qadınlara dəstək verməyə çalışır. Biz əlimizdə olan imkanlardan istifadə edib iqlim şəffaflığı üzrə hesabatları tələb etməliyik. İqlim dəyişikliyinin qadınlara və qızlara təsiri hələ tam hesablanmayıb".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaradır:
"Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir. Azərbaycan ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırlamış və müxtəlif proqramlar vasitəsilə öhdəliklərini yerinə yetirmək üçün şərait yaradıb. COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. 30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir. Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir".
Panel müzakirələrlə davam edib.