• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əməldə birlik

CƏMİYYƏT

26 Oktyabr 2022 | 12:42 | Müəllif: Qalib İbrahimoğlu

Əməldə birlik

Ötən həftənin önəmli hadisələrini qeyd edərkən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Liderlərinin Bakıda və Şuşada keçirilən üçüncü görüşünü xüsusi vurğulamaq yerinə düşər.

Azərbaycan paytaxtına toplaşan nüfuzlu qonaqlar TDT Müsəlman Dini Rəhbərləri Şurasının Əsasnaməsini qəbul etdilər, Şuşanın tarixi “Yuxarı Gövhər ağa” və Bakıdakı “Heydər məscidi”ndə birgə namaz qıldılar, eləcə də “Türk-İslam irsinin zənginliyi və onun zamanımızda aktual problemləri qarşısında dəyəri” mövzusuna həsr edilmiş beynəlxalq konfransda faydalı müzakirələr apardılar.

Naxçıvandan başlanan yol

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının qurulması ilə bağlı sənəd məhz Azərbaycanda imzalanıb. 2009-cu il oktyabrın 3-də qədim Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri müqavilə imzalayaraq bu beynəlxalq təşkilatının yaradılmasını elan etdilər. 2018-ci ildə Özbəkistan da quruma qoşulma istəyində olduğunu açıqladı və bir il sonra - 2019-cu il, sentyabrın 14-də TDT-yə uzv qəbul olundu. Nüfuzlu beynəlxalq qurumun Ümumi Katibliyi Türkiyənin İstanbul şəhərində, Parlament Assambleyası Azərbaycanın paytaxtı Bakıda, Beynəlxalq Türk Akademiyası isə Qazaxıstanın Astana şəhərində yerləşir.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderləri Şurasının yaradılması təşəbbüsü ilə ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edib. Şeyxülislamın təklifi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir-duası ilə yaradılan şuranın bu il ilk iki toplantısı Türkiyənin İstanbul və Qazaxıstanın Türküstan şəhərlərində reallaşıb.

TDT-nin Müsəlman Dini Rəhbərləri Şurası üçüncü dəfə Bakıda bir araya gəldi. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz belə tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Azərbaycan prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəsi, QMİ-nin təşkilatçılığı ilə Dünya Dini Liderlərinin 2010-cu ildə birinci, 2019-cu ildə isə ikinci Sammiti yüksək səviyyədə keçirilib.

TDT Müsəlman Dini Liderlərinin Bakı toplantısı işgüzar şəraitdə keçdi və əlamətdar hadisələrlə zəngin oldu. Paytaxtın möhtəşəm “Gülüstan” Sarayında keçirilən toplantıdan əvvəl şuranın işçi qrupu bir araya gələrək əsasnamənin razılaşdırılması ilə bağlı müzakirələr apardılar. Azərbaycana təşrif buyuran nümayəndə heyətləri isə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, Şəhidlər Xiyabanında Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət etdilər. Bakıdakı türk şəhidliyi də ziyarət olundu.

Həmin gün “Gülüstan” Sarayında QMİ-nin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini Liderlərinin üçüncü görüşü öz işinə başladı. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Türkmənistan Müftisi Yalkab Xocaquliyev və digər şəxslər iştirak etdilər.

TDT-nin Baş katibi Bağdad Amreyev bildirdi ki, ölkələr arasında dini qurumlar sahəsində təcrübə mübadiləsinin aparılmasına ehtiyac var. Həmçinin irqi, dini ayrı-seçkilik, islamofobiyaya qarşı təcili qərarlar qəbul edilməlidir.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə qonaqları Bakı görüşündə salamlamaqdan böyük şərəf duyduğunu söylədi: “Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderləri Şurasının təsis edilməsinin təşəbbüskarı olmağımdan iftixar duyuram. TDT-yə üzv ölkələrin rəhbərlərinin xeyir-duası, müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Şuramızın fəaliyyətinə rəvac verməsini Uca Allahdan təvəqqe edirəm. Daha öncə İstanbulda və Türküstanda görüşlərimizin ardınca bu gün Bakıda üçüncü görüşə toplaşmağımız türk-İslam dünyasının məram və amallarına xidmət edir. Gələn il 100 illik yubileyini təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin dini-mənəvi dəyərlərimizə sadiqlik, islami həmrəylik ideyalarına istinad edən müdrik dövlətçilik fəlsəfəsinin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə möhtərəm dövlət başçılarının qədim Azərbaycan torpağı Naxçıvanda baş tutmuş I Zirvə Görüşü ilə başlanan tarixi yol 2021-ci ildə VIII İstanbul Sammitində öz tarixi zirvəsinə yüksəlməklə, bu ilin noyabrında qardaş Özbəkistanda uğurla davam edəcək”.

Şeyxülislam həzrətləri 44 günlük Vətən Savaşında qazanılan Zəfər barədə məlumat verdi, döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizi ehtiramla yad etdi: “Şükürlər olsun, müstəqil Azərbaycanın müasirliyi, türklüyü və İslamı simvolizə edən üçrəngli dövlət bayrağı bu gün azad Qarabağda qürurla dalğalanır. Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad edib. Uca Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda, Vətən müharibəsində və sərhəddə son erməni təxribatları zamanı həlak olmuş qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!” QMİ sədri qeyd etdi ki, işğalçı Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirib: “Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədib, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlayıb. Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılaraq, qriqoryanlaşdırılıb. İşğaldan azad edilən ərazilərimizdə bu gün böyük quruculuq işləri aparılır. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda tarixi məscidlərimiz və məbədlər nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr verilməkdədir”.

Türk Dövlətləri Təşkilatının tarixi qərarlar qəbul etdiyini deyən Şeyxülislam diqqətə çatdırdı ki, türk dünyasının 2040-cı il vizyonunu qurur, türk mədəniyyətinin ortaq dəyərlərinin dünya çapında daha fəal tanıdılması istiqamətində böyük işlər aparır: “Məhz dövlət rəhbərlərimizin dəyərli səyləri biz, dini liderlərin mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşməsinə təkan verdi. Biz Türk Dövlətləri Təşkilatı səviyyəsində verilən qərarlarının həyata keçirilməsində yaxından, fəal iştirak etmək əzmindəyik”.

Tədbirdə çıxış edən Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Bakıdakı görüşün vacibliyini vurğuladılar, görüləcək birgə işlər barədə fikirlərini səsləndirdilər.

Şuşada imzalanan tarixi sənəd

Ertəsi gün tədbir iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etdilər. Burada keçirilən mərasimdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderləri Şurasının Əsasnaməsi imzalandı.

Sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Türkmənistan Müftisi Yalkab Xocaquliyev imzaladılar. Həmçinin tədbirdə Birgə Bəyanat qəbul edildi.

QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan məktubun mətnini oxudu.

Təşkil edilən mətbuat konfransında TDT Müsəlman Dini Liderləri Şurasının üzvləri jurnalistlərin suallarına cavab verdilər, imzalanan Əsasnamənin və Birgə Bəyanatın əhəmiyyətindən danışdılar.

Şuşanın qədim dini abidələrindən sayılan “Yuxarı Gövhər ağa” məscidini ziyarət edən qonaqlar orda birgə namaz qıldılar. İmzalanan Əsasnamə və qəbul edilən Birgə Bəyanatla bağlı xeyir-dualarını səsləndirdilər. Həmin gün qonaqlar Şuşanın tarixi məkanları ilə də tanış oldular.

 Elmi və faydalı müzakirələr

Növbəti gün tədbir “Gülastan”da davam etdirildi. Milli Məclis üzvlərinin, elm xadimlərinin iştirakı ilə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə türk coğrafiyasının tanınmış elm və din xadimlərinin bir araya gələrək Türk-İslam dünyasının istiqbalına, sivilizasiyamızın perspektivlərinə və dünyada sülh, təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparması qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən, İslam sivilizasiyasına önəmli töhfə olan və Allaha xoş gedən dəyərli fəaliyyət olduğunu söylədi: “Türk Dövlətləri Təşkilatı məkanının xalqları müqəddəs dinimizə və türk kimliyimizə sadiq olaraq dini-mənəvi dəyərlərimiz və milli ənənələrimizə hər zaman sadiq olub, bununla fəxr ediblər. Türk-İslam dünyası bəşərin elm və mədəniyyət, ürfan və ədəbiyyat xəzinəsinə hər zaman böyük töhfələr bəxş edib. Uca Allahın xeyir-duası ilə bu yaradıcı enerjidən faydalanaraq cəmiyyətlərimizin rifah və tərəqqisini təmin etmək, xüsusilə, gənclərimizin tərbiyəsini düzgün məcraya yönəltmək ümdə vəzifəmizdir. Zəngin türk-İslam irsi zəmanəmizin aktual problemlərinin həllində, cəmiyyətlərimizin əmin-amanlıq və sabitliyinin təminində xalqlarımızın, dövlətlərimizin ən dəyərli sərvətidir. Bu irsi elmi şəkildə tədqiq, təbliğ və təşviq etmək hər birimizin mənəvi borcudur.

Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən ifadə edən, sivilizasiyalararası dialoqa dair çoxsaylı forumların təşəbbüskarı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Bakının Azərbaycanın türk-İslam dünyasının mənəvi birliyinin rəsmiləşdiyi məkan kimi çıxış etməsindən qürur duyuruq. Müsəlman Dini Liderlərin Şurası olaraq Türk Dövlətləri Təşkilatında müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının dünya miqyasında dini liderlərə və dindarlara çatdırılması üçün bütün qüvvə və imkanlarımızdan, xitabət kürsülərindən yararlanmaq bizim üçün şərəf olacaq”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlar Anar İsgəndərov, Hikmət Məmmədov, Türkmənistan Müftisi Yalkap Hocaqulıyev, Türkiyə Diyanet İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm komitəsinin M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktorunun müavini, filologiya elmləri namizədi, dosent Torali Kıdır, Mərkəzi Asiya, Qafqaz və Anadoludan olan alimlərin İslam sivilizasiyasına töhfəsindən söz açıb, türk və İslam mədəniyyətlərinin dünyaya töhfəsindən, tarixindən danışdılar.

Cümə günü TDT Müsəlman Dini Liderləri Şurasının üzvləri Bakıdakı “Heydər” məscidində birgə namaz qılıb, dualar etdilər. Həmin gün QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında TDT Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və beynəlxalq konfransda iştirak edən qonaqlar üçün qəbul təşkil olundu.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderləri Şurasının Azərbaycanda keçirilən üçüncü görüşü, qəbul edilən sənədlər qurumun gələcək fəaliyyəti üçün geniş imkanlar açır. İslam Peyğəmbərinin buyurduğu kimi, birlikdə rəhmət, parçalanmada isə əzab var”.

Etibar Cəbrayıloğlu

Bakıvaxtı.az


Əməldə birlikƏməldə birlikƏməldə birlik
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026