• Bakı 19° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Ərdoğanın Naxçıvana mühüm səfəri: MR-də də Türkiyənin hərbi varlığı artırılmalıdır

GÜNDƏM

26 Sentyabr 2023 | 13:34

Ərdoğanın Naxçıvana mühüm səfəri: MR-də də Türkiyənin hərbi varlığı artırılmalıdır

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda səfərdə olub. Dövlət başçısı İlham Əliyevlə görüşən Türkiyə lideri İğdır-Naxçıvan qaz kəmərinin və hərbi kompleksin açılışında iştirak edib.

Həmçinin, Türkiyə ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanıb. Liderlər ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edərək son günlər bölgədə, Qarabağda baş verənlərlə bağlı önəmli mesajlar veriblər.

Mühüm səfərlə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər xüsusi strateji əhəmiyyətə malikdir.

Analitik vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki müttəfiq ölkənin əlaqəsindən, strateji partnyorluqdan çox daha öndədir: "Hətta deyərdim ki, Türkiyə və Azərbaycanın təhlükəsizlik arxitekturası birlikdə hərəkət edir. Faktiki olaraq iki dövlət tandem ölkələr şəklində eyni istiqamətdə, bir-biri ilə davamlı məsləhətləşərək vahid hədəflər uğrunda mübarizə aparırlar. Xüsusən, bölgədə hazırda gərgin dönəm hökm sürür. Ermənistanın vaxtaşırı müharibəyə hazırlaşdığını görürük”.

Onun sözlərinə görə, xarici dövlətlərin region uğrunda qızğın mübarizəsi var. Rusiya Cənubi Qafqazda öz varlığını qorumağa çalışır. Fransa, ABŞ, İran və digər ölkələr bölgəyə müdaxilə etməyə cəhd göstərirlər: “Ermənistan hərbi cəhətdən təchiz edilir, Azərbaycana qarşı dəstəklənir. İrəvanda revanşist meyillər də güclənməkdədir. Bütün bu hadisələr fonunda cənab Ərdoğanın Azərbaycana səfəri xüsusi əhəmiyət kəsb edirdi. Şübhəsiz, tərəflər arasında bütün strateji məsələlər daim müzakirə olunur".

Müsahibimiz vurğulayıb ki, əsas gündəm Qarabağda baş verən proseslər, erməni sakinlərlə bağlı atılacaq addımlar, Ermənistanla münasibətlərdir: "Ərdoğan öz ad gününü Xocalıda keçirəcəyini demişdi. Ümid edək ki, yaxın aylarda bunu reallaşdırmaq mümkün olacaq. Azərbaycanla Avropa Birliyi arasında yeni strateji anlaşma əldə olundu. Avropa Azərbaycandan aldığı qazın artırılmasını istəyir. Qazın nəqli Türkiyə üzərindən olduğuna görə bu məsələ də hazırda müzakirə mövzusudur”.

İğdır-Naxçıvan qaz kəmərinin açılışının olduğunu deyən politoloq qeyd edib ki, bundan sonra Zəngəzur dəhlizi ilə qaz Naxçıvandan keçməklə Türkiyə üzərindən Avropaya çatdırılacaq: “Düşünürəm ki, artıq Şuşada konsulluğun açılmasının da vaxtı çatıb. Eyni zamanda Naxçıvanda da Türkiyənin hərbi varlığı artırılmalıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR