Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
Eşqi Bağırov hər zaman vətəndaş-valideyn müraciətlərinə operativ yanaşmağa çalışdıqlarını nəzərə çatdırıb.
“207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilmişdir.
Buradan bir daha məktəb rəhbərliklərinə və təhsil müəssisələrində çalışan həmkarlarımıza çağırış edərək bildiririk ki, müəssisə daxilində hər hansı pozuntu halları tərəfimizdən yolverilməz hesab edilir və bu kimi hallara qarşı barışmaz mövqedəyik.
Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür”.
Mina Mikayılova