“Casus şəbəkəsi yaratmaq üçün müasir texnologiyaların inkişafı yeni platformalar meydana çıxarıb”.
Bunu Bakıvaxtı.az-a deputat Hikmət Babaoğlu Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşa olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, casusluq fəaliyyətində yeni texnologiyaların tətbiqi milli təhlükəsizliyimizi qorumaq baxımından daha yüksək peşəkarlıq tələb edir. Deputat qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti milli təhlükəsizliyimizin keşiyində daim ayıq-sayıq dayanmağı bacarır: “Fransa kimi ölkənin casus şəbəkəsinin ifşa olunması asan məsələ deyil. Məsələ ondadır ki, Azərbaycan əldə etdiyi tarixi zəfərdən sonra bir sıra ölkələrin casusluq şəbəkələrinin obyektinə çevrilib. Ölkəmiz barəsində daha çox bilgi əldə etmək və bizə qarşı strateji vasitə kimi istifadə etmək məqsədilə bu cür fəaliyyət növləri təşkil olunur. Ermənistanın məsələyə diqqət göstərməsi də bununla bağlıdır. Çünki Fransanın casus şəbəkəsi uğurlu olsaydı, əldə olunan məlumatlar Ermənistana ötürüləcəkdi. Bu da əleyhimizə fəaliyyət üçün ermənilərin əlinə yeni imkanlar verəcəkdi”.
H.Babaoğlu bildirib ki, məsələyə bu kontekstdən yanaşsaq, həyata keçirilən əməliyyatın əhəmiyyətini daha aydın görərik: “Qısacası, Azərbaycan xüsusi xidmət orqanlarının timsalında öz təhlükəsizliyini təmin etməyə hazırdır".
Qeyd edək ki, Azərbaycanda Fransanın casusluq fəaliyyətinə görə həbs edilənlərdən birinin kimliyi bəlli olub. Erməniəsilli fransız jurnalist Leo Nikoliyan bildirib ki, həmin şəxs "Merkorama" MMC-nin baş direktoru Martin Rayandır və o, Azərbaycana qarşı casusluqda ittiham olunaraq Bakıda həbs olunub. Onun sözlərinə görə, Rayan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın Xarici Kəşfiyyat Baş İdarəsi agenti tərəfindən istifadə edilib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə bildirib ki, casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı - Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib. Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.
Aydın Baxış
Bakı 




