Oxşar xəbərlərdən birinə nəzər salaq: Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb. Hadisə qəbiristanlıq ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib.
İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevi qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb.
Demək olar, hər gün belə xəbərlər oxuyur. Ümumiyyətlə, son vaxtlar 15-30 yaş aralığında olan yeniyetmə və gənclərin cinayət törətmə xəbərləri xeyli çoxalıb. Gənclərin bu qədər aqressiv, amansızcasına adam öldürə bilməsinin hansı psixoloji səbəbləri var?
Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, ilk növbədə, burada tərbiyə və təhsil sistemində olan böhranlara diqqət yetirilməlidir: “Çünki bu yaşda insanda müəyyən fikirlər, dəyərlər, vərdişlər, həyat yanaşması, prinsiplər və s. formalaşmalıdır. Onların sağlam formalaşması üçün buna uyğun şərait olmalıdır. Yəni, sağlam ailə, ana, ata tərbiyəsi, məktəbdə tərbiyənin davam etdirilməsi, dövlətin müvafiq orqanlarının, ilk növbədə də Daxili İşlər Nazirliyinin profilaktik tədbirlər keçirməsi, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin, çarxların olması, hüquq biliyinin artırılması öz sözünü deyir”.
Psixoloq deyib ki, qeyd olunan məsələlərdə böhran olanda ortaya olduqca təhlükəli bir məqam çıxır. O da bu gün Azərbaycanda get-gedə yayılır: nəzarətsiz qalan uşaqlar, yeniyetmələr və gənclər. N.Orucov deyib ki, nəzarətsiz deyəndə total kontrolu nəzərdə tutmur: “Amma elementar tərbiyə verilməyən, uşaqlara nəyisə öyrətməyən olduqca çoxlu ailələr var. Cəmiyyətdə müəyyən aqressivlik artır, çox gözəl bilirik ki, bizdə kriminal həyat tərzi qəribə şəkildə hal hazırda trenddədir. Yəni, bıçaq söhbəti, insanı vurmaq, öldürmək, həbs həyatının romantikləşdirilməsi, ideallaşdırılması gedir”.
Müsahibimiz qeyd edib ki, həbsxana həyatı yaxşı, gözəl bir şey kimi təbliğ edilir: “Daha öncə saydığım faktorları da nəzərə alsaq, qeyd etdiyiniz yaşlardakı uşaqlarda özünü təsdiqetmə təlabatı yaranır. Təbii ki, sağlam şərtlərdə insan özünü təhsili, işi, əməyi, gördüyü gözəl işlərlə təsdiq edir. Nəzarətsiz qalmış uşaqların tərbiyyə və təhsilində olduqca böyük boşluqlaq olduğunu nəzərə alsaq, burda müəyyən kriminagen mühit formalaşır. Həmçinin nəzərə almaq lazımdır ki, ətraf mühit də öz sözünü deyir. Yəni, yeniyetmələr öz yaşıdlarının arasında da bu trend söhbətləri edir. Bu şəkildə yeniyetmələr özünü təstiq etməyə çalışır. Psixi pozuntulardan misal çəksək, ən önəmli faktorlardan biri əqli gerilikdir. Cinayət və qətli törədənlər arasında əqli geriliyi təsdiq etmək olar”.
N.Orucov vurğulayıb ki, onlar olduqca sürətli şəkildə affekt halına düşür, nə etdiklərini bilmirlər: “Təhsil və tərbiyədə olan boşluqlar səbəbindən onlarda etdikləri hərəkətə görə cəzasızlıq hissi yaranır. Cinayətin ardınca gələcək 5, 7, 10 illik həbs cəzası, həyatın məhv olması, qarşıdakı insanın həyat və sağlamlığına vurulan zərbə və s. bunların hamısı cəzasızlıq hissinə bürünmüş olur. Çox vaxt onlar nə etdiklərini dərk etmir, nəticələrini düşünmürlər. Bunların hamısı gətirib bu cür cinayətlərə səbəb olur. Natamam və gərginliyin çox olduğu ailələrdə böyüyən uşaqlar da bu cür hadisələr törədə bilir. Evdə zorakılığa məruz qalmış uşaq zorakılığı yeganə ünsiyyət dili kimi başa düşür. Misal üçün, kimsə buna söz dedisə, vurmalıdır. Bəzən valideynlər də uşağı belə tərbiyyə edir ki, kimsə sənə söz desə vur, söysə, öldür. Bunların nəticəsində cinayətlər baş verir”.
Aytac Aslan
















