2024-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı dəyişəndən sonra bir sıra yeni kadr təyinatları olub.
Bakıvaxtı.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Orxan Abbasov bununla bağlı əmrlər imzalayıb.
Belə ki, icra hakimiyyətində başçının köməkçisi postuna Elşad Mustafayev gətirilib. O, bu vəzifədə Yaşar Rzalını əvəzləyib.
Eyni zamanda, RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Əsəd Yusifov vəzifəsindən azad olunub. Eləcə də həmin sektorun aparıcı məsləhətçisi İlahə Xıdırova da işdən çıxarılıb, onun yerinə Gülnar Məmmədova təyin edilib.
Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Elman Məmmədov da işdən çıxarılanlar arasındadır, hazırda bu vəzifə vakansiyaya çıxarılıb. Həmin şöbənin aparıcı məsləhətçisi (mühəndis) Elman Ələkbərov da vəzifədən azad olunaraq, yerinə Mehman Mehdiyev gətirilib.
RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Elvin Qurbanovu da Kazım Kamalov əvəz edib.
Kadr təyinatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində də həyata keçirilib. Belə ki, şöbənin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb, onun yerinə Ayaz Allahyarov təyin olunub. A.Allahyarov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Onu bu vəzifədə isə Pərvin Paşayev əvəz edib.
Eyni zamanda icra başçısı sürücülər - Eldar Qarayev və Elməddin Məmmədovu da işdən çıxarıb, onların yerinə Akif Abbasov və Emil İsmayılov təyin olunub.