q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Fəsillər dəyişir, xəstəliklər artır - KRİTİK XƏBƏRDARLIQ

CƏMİYYƏT

04 May 2026 | 16:57

Fəsillər dəyişir, xəstəliklər artır - KRİTİK XƏBƏRDARLIQ

"Fəsillərin xarakterinin dəyişməsi artıq təkcə təbiətə yox, insan sağlamlığına da birbaşa təsir göstərir".

Bunu terapevt Xumar Novruzova Bakıvaxtı.az-a iqlim dəyişikliyi və qlobal istiləşmənin insan sağlamlığına təsirindən danışarkən bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi yalnız temperaturun artması ilə məhdudlaşmır, fəsillərin xarakteri dəyişdikcə sağlamlığa təsirlər də çoxşaxəli olur: “Bu təsirlər həm birbaşa, həm də dolayı yollarla özünü göstərir. İsti günlərin sayının və intensivliyinin artması dehidratasiya, elektrolit pozğunluğu, arterial hipertenziya və ürək ritm pozğunluqlarının çoxalmasına səbəb olur. Xüsusilə yaşlılar və xroniki xəstələr üçün bu risklər daha yüksəkdir”.

Terapevt qeyd edib ki, temperatur artımı və quraqlıq havanın keyfiyyətinə də mənfi təsir edir: “Ozon və PM2.5 səviyyəsi yüksəlir, meşə yanğınları artır. Bu isə astma və KOAH kimi tənəffüs xəstəliklərinin kəskinləşməsinə, xroniki öskürək və bronxial həssaslığın artmasına gətirib çıxarır. Uzunmüddətli təsirdə ağciyər funksiyası zəifləyə bilər”.

Xumar Novruzova:  Allergik şəxslər profilaktik müalicəyə daha erkən başlamalıdır

Onun sözlərinə görə, PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan zərərli hissəciklərdir və əsasən avtomobil tüstüsü, sənaye emissiyaları, yanma prosesləri və meşə yanğınları nəticəsində yaranır:

“Bu hissəciklər çox kiçik olduqları üçün ağciyərlərin dərin hissələrinə qədər daxil olaraq ciddi sağlamlıq problemləri yaradır.

İqlim dəyişikliyi allergik xəstəliklərin yayılmasına da təsir göstərir. Yumşaq qış və erkən yaz səbəbindən polen mövsümü daha tez başlayır və daha uzun davam edir. Bu isə allergik rinit və astmanın daha ağır keçməsinə, hətta yeni allergik halların yaranmasına səbəb olur”.

Mütəxəssis bildirib ki, bu proseslər ümumilikdə xroniki xəstəliklərin ağırlaşmasına, yeni risk qruplarının yaranmasına və səhiyyə sisteminə düşən yükün artmasına gətirib çıxarır.

O, əhalini qoruyucu tədbirlərə əməl etməyə çağırıb:

“İsti havalarda maye balansını qorumaq, elektrolit səviyyəsinə nəzarət etmək, risk qruplarında dərman dozalarını yenidən qiymətləndirmək vacibdir. Allergik şəxslər profilaktik müalicəyə daha erkən başlamalıdır. Hava keyfiyyəti pis olduqda isə açıq havada fəaliyyət məhdudlaşdırılmalı, zəruri hallarda qoruyucu maskalardan istifadə edilməlidir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR