q
  • Bakı 12° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Cənubi Qafqazda yeni reallıq: Prezidentin İrəvana sülh mesajı

SİYASƏT

04 May 2026 | 15:17

Cənubi Qafqazda yeni reallıq: Prezidentin İrəvana sülh mesajı

"Nəinki illər, hətta əsrlər boyu Cənubi Qafqaz sülhə və dayanıqlı inkişafa susuz qalıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən formalaşdırılan yeni reallıqda uduzan tərəf yoxdur və əsas şərt tərəflərin danışıqlara real, açıq və konkret əsaslarla yanaşmasıdır".

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı zamanı onlayn çıxışında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Ş.Həsənova qeyd edib ki, Azərbaycanın əldə etdiyi Zəfər regionda düşmənçilik, revanşizm və separatizm meyillərinə son qoyub:

“Bu gün dünyada müxtəlif münaqişələr davam etsə də, Cənubi Qafqaz artıq beynəlxalq münasibətlər sistemində birləşdirici region kimi çıxış edir. Ayrıcı xətlər aradan qalxıb və bunun əsas təşəbbüskarı Azərbaycandır”.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin videoformatda çıxışı Azərbaycanın yürütdüyü siyasətin və dövlət başçısının beynəlxalq nüfuzunun göstəricisidir:

“Azərbaycan, Ermənistanın uzun illər apardığı siyasətə baxmayaraq, sülhə yönəlmiş yanaşma sərgiləyir və regionda əməkdaşlıq mühiti yaradır”.

Ekspert diqqətə çatdırıb ki, artıq ilk dəfə olaraq Ermənistana neft məhsullarının - benzin və dizel yanacağının tədarükünə başlanılıb və Azərbaycan ərazisindən 28 min ton yükün çatdırılması sülhə və gələcək əməkdaşlığa yönəlmiş mühüm addımdır. Region seçim qarşısındadır və Azərbaycan bu seçimdə sülhü və dayanıqlı inkişafı üstün tutur.

Azərbaycan Zəfərdən sonra bəzi beynəlxalq qurumların ikili standartları və təzyiqləri ilə üzləşib. Bu kontekstdə o, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qərarları xatırladıb və buna baxmayaraq, Azərbaycanla Ermənistanın artıq sülhün praktiki nəticələrini gördüyünü vurğulayıb.

Şəbnəm Həsənova: Region seçim qarşısındadır

Müsahibimizin sözlərinə görə, sülhün ən mühüm nəticələrindən biri regional bağlantıların genişlənməsidir. Azərbaycanın əsas ərazisinin Naxçıvanla birləşdirilməsi və Orta dəhliz çərçivəsində həyata keçirilən layihələr region üçün yeni imkanlar açır:

“Prezident İlham Əliyevin Ermənistanda keçirilən zirvə görüşündə iştirakı beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və həm Avropa, həm də digər ölkələr Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan nəticələri alqışlayır. Bununla belə, prosesə qarşı çıxan qüvvələrin mövcudluğu da istisna edilmir və əsas məsələ ortaq hədəflər naminə birgə fəaliyyətin davam etdirilməsidir”.

Şəbnəm Həsənova onu da vurğulayıb ki, ən xüsusi məqamlardan biri Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı Azərbaycanla Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub:

“Deməli, biz yaratdığımız reallıqları ritorikaya, bəyanatlara və real addımlara keçirməyi bacarmışıq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR