q
  • Bakı 13° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Avropa Parlamentinin qətnaməsi: siyasi manipulyasiya və açıq qərəzin nümunəsi

SİYASƏT

04 May 2026 | 13:04

Avropa Parlamentinin qətnaməsi: siyasi manipulyasiya və açıq qərəzin nümunəsi

Bu il aprelin 30-da Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə mahiyyət etibarilə hüquqi sənəd yox, açıq siyasi təzyiq alətidir. Bu sənəd birbaşa Azərbaycan üzərinə yönəlib.

Sənəd regionda formalaşmış yeni reallıqları nəzərə almır, əksinə, köhnəlmiş və artıq arxada qalmış narrativləri yenidən siyasi dövriyyəyə qaytarmağa çalışır. Bu isə onun obyektiv qiymətləndirmədən deyil, məqsədli siyasi yanaşmadan irəli gəldiyini açıq şəkildə göstərir.

Qətnamənin ən problemli tərəfi onun terminoloji manipulyasiya üzərində qurulmasıdır. “Dağlıq Qarabağ” kimi hüquqi baxımdan mövcud olmayan anlayışın sənədə daxil edilməsi sadəcə yanlışlıq deyil, məqsədli addımdır. Bu, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş ideoloji müdaxilə olmaqla yanaşı, separatçı düşüncənin dolayı legitimləşdirilməsi cəhdidir. Belə yanaşma Avropa Parlamentinin neytral platforma deyil, siyasi tərəf kimi çıxış etdiyini nümayiş etdirir.

Humanitar və hüquqi məsələlərin təqdimatında da açıq selektivlik müşahidə olunur. Qarabağ ermənilərinin hüquqları birtərəfli şəkildə qabardıldığı halda, illərlə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqları sistemli şəkildə görməzdən gəlinir. Bu, beynəlxalq hüquq prinsiplərinə deyil, siyasi maraqlara əsaslanan yanaşmanın bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın öz ərazisində cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etməsi tamamilə legitim hüququ olduğu halda, bu prosesə kənardan müdaxilə cəhdləri hüquqi deyil, siyasi təzyiq xarakteri daşıyır.

Regional məsələlərdə də eyni təhrifedici xətt davam etdirilir. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bərpası kimi strateji layihələrin birtərəfli təqdim olunması regionda əməkdaşlıq perspektivinə zərbə vurur. Halbuki nəqliyyat və kommunikasiya xətlərinin açılması bütün Cənubi Qafqaz üçün sabitlik və inkişafın əsas elementlərindən biridir. Bu reallığın bilərəkdən təhrif olunması sənədin konstruktiv məqsəd daşımadığını ortaya qoyur.

Nəticə etibarilə, bu qətnamə Avropa Parlamentinin obyektiv beynəlxalq aktor deyil, müəyyən siyasi təsirlər altında qərar verən qurum kimi çıxış etdiyini açıq şəkildə göstərir. Bu cür sənədlər sülh prosesinə xidmət etmir, əksinə regionda gərginliyi artırır və normallaşma imkanlarını zəiflədir. Belə yanaşma davam etdiyi halda, bu, yalnız Azərbaycanla münasibətlərə deyil, ümumilikdə Avropa strukturlarının regiondakı etibarlılığına ciddi zərbə vuracaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

03 May 2026