Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır.
Hər rüb bu cihazların yaddaş kartları yoxlanılır, toplanan materiallar isə mütəxəssislər tərəfindən ətraflı şəkildə təhlil olunur. Lerik, Lənkəran və Astara rayonlarını əhatə edən park ərazisində quraşdırılmış 32 fototələ regionun zəngin biomüxtəlifliyinin izlənməsinə geniş imkan yaradır.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin ilk rübündə əldə olunan fototələ görüntülərində maraqlı məqamlar qeydə alınıb. Kadrlarda bəzi heyvan növlərinin sayında artım xüsusilə diqqət çəkir.
Ümumdünya Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Sahil Mikayılov bildirib ki, bəzi hallarda müntəzəm olaraq fototələlərə düşən heyvanlar müəyyən müddət kameralarda görünməyə bilər və bunun müxtəlif səbəbləri olur. Onun sözlərinə görə, artıq doqquz ilə yaxındır ki, Hirkan Milli Parkı ərazisində fototələlər quraşdırılıb. Bu cihazlar vasitəsilə bölgədə yaşayan heyvanların hərəkəti və sayı mütəmadi olaraq izlənilir. Sahil Mikayılov qeyd edib ki, bu il ilk dəfə olaraq fototələlərə bəbir görüntüləri düşməyib və bu hal həmin heyvanların digər ərazilərə miqrasiya etməsi ilə əlaqələndirilir.
Eyni zamanda, Lənkəran bölgəsində aparılan müşahidələr bəzi vəhşi heyvan növlərinin sayında artım olduğunu göstərir. Onun sözlərinə görə, xüsusilə cüyürlərin sayında artım qeydə alınıb:
"Son müşahidələr zamanı bir cüyürün iki balası ilə birlikdə olduğu görüntüləndi. Digər kamera qeydlərində də bu hal təkrarlandı. Bu da Hirkan ərazilərində cüyürlərin sayının artdığını göstərir".
S.Mikayılov əlavə edib ki, artım təkcə cüyürlərlə məhdudlaşmır:
"Tirəndazların, yenotların sayı da çoxalıb. Çaqqalların isə Lənkəran və Lerik bölgələrinin, demək olar ki, əksər ərazilərində artımı müşahidə edilir".
Lerik meşələrində yaşayan vaşaqların uzun fasilədən sonra yenidən fototələlərə düşməsi onların da sayında artımın olduğunu göstərir. Bundan əlavə, bu mövsüm ilk dəfə olaraq bəzi quş növlərinin sürü halında görüntüləri də qeydə alınıb.
"Əvvəllər kəkliklərə tək-tək rast gəlinirdi, amma indi fototələlərə sürü halında düşürlər. Kamera qarşısında hər hansı bir hərəkət olan kimi görüntü qeydə alınır. Bu da bizim üçün maraqlıdır. Hansı heyvan növünün hansı ərazidə artdığını məhz kameralar vasitəsilə müəyyən edirik. Müşahidələr göstərir ki, Astara zonasında ayıların da sayı artmaqdadır".
Qeyd edək ki, Hirkan Milli Parkı Qafqazda üçüncü buzlaşma dövrünü keçirməyən nadir ərazilərdən biridir. Zəngin flora və faunası ilə seçilən bu unikal ekosistem dünyanın ən qiymətli təbiət bölgələrindən hesab olunur. Elə buna görə də "Azərbaycanın Hirkan meşələri" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bakı 











