İran İnqilab Keşikçiləri Dəniz Piyadaları Korpusu Hörmüz boğazından keçən Panama bayraqlı neft tankerini ələ keçirib. Bu, İranın bir həftə ərzində ələ keçirdiyi ikinci neft tankeridir. Həmin hadisəylə bağlı ABŞ Dövlət Departamenti tankeri azad etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, İran tankerin məhkəmə qərarı ilə həbs olunduğunu açıqlayıb.
Amerika rəsmilərinin bildirdiyinə görə, NIOVI adlı tanker Dubaydan Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanına gedirmiş. Lakin Hörmüzdən keçərkən İnqilab Keşikçiləri Korpusuna məxsus qayıqlarla adı çəkilən ölkənin ərazi sularına girməyə məcbur edilib. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, gəmi Yunanıstanda yerləşən şirkət tərəfindən idarə olunur. ABŞ Dövlət Departamenti İranı tankeri buraxmağa çağırıb.
Ötən həftə İran türk şirkətinə məxsus Marşal adaları bayraqlı neft tankerini ələ keçirmişdi. Həmin tanker də hələ buraxılmayıb.
Dünya neftinin təxminən beşdə biri İran və Oman arasındakı Hörmüz boğazından tankerlərlə keçir. ABŞ və İran arasındakı gərginliyə görə, xüsusilə 2019-cu ildən bəri bölgədə bəzi neft tankerlərində problemlər yaranıb.
Ay Tac















