• Bakı C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

İran üzərində təzyiq artır: Region haraya gedir?

SİYASƏT

26 Yanvar 2026 | 14:22

İran üzərində təzyiq artır: Region haraya gedir?

Son günlər “Hizbullah”ın İranı açıq şəkildə dəstəkləmək üçün “ümumi müharibə” çağırışı etməsi və paralel olaraq ABŞ-nin İrana mümkün məhdud hərbi müdaxilə ssenarilərinin gündəmə gəlməsi Yaxın Şərqdə siyasi gərginliyin yeni və daha riskli mərhələyə keçdiyini göstərir.

Bu proses təkcə iki tərəf arasındakı qarşıdurma deyil, daha geniş regional güc balansının yenidən qurulması cəhdidir. İran ətrafında baş verənlər artıq klassik diplomatik təzyiq çərçivəsindən çıxaraq, açıq şəkildə güc nümayişinə və psixoloji müharibəyə çevrilib.

“Hizbullah”ın ritorikası ilk baxışdan hərbi səfərbərlik çağırışı kimi səslənsə də, bunun arxasında ciddi siyasi mesaj dayanır. Bu mesaj əsasən iki ünvana yönəlib. Birincisi, İran daxilində rejimə dəstək xəttinin hələ də mövcud olduğunu və Tehranın regional təklənməyə razı olmadığını göstərməkdir.

İkincisi isə ABŞ və onun müttəfiqlərinə ünvanlanan çəkindirmə mesajıdır. Yəni mümkün müdaxilənin yalnız İranla məhdudlaşmayacağı, Livandan İraqa, Suriyadan Qırmızı dənizə qədər uzanan qeyri simmetrik qarşılıq potensialının olduğu xatırladılır. Bu, klassik müharibədən çox, uzunmüddətli və parçalı qarşıdurma riski deməkdir.

ABŞ tərəfinin sızdırılan məlumatlarda müdaxiləni məhdud, vaxt baxımından qısa və hədəfli göstərməsi də təsadüfi deyil. Vaşinqton açıq şəkildə regionu nəzarətsiz müharibəyə sürükləmək istəmədiyini nümayiş etdirməyə çalışır. Lakin eyni zamanda bu tip mesajlar İran daxilində gərginliyi artırır, rejim əleyhinə narazılığı təhlükəsizlik prizmasından yenidən çərçivələyir və daxili prosesləri hərbiləşdirir. Bu isə siyasi dialoq imkanlarını daha da daraldır.

Bütün bu proseslər fonunda əsas təhlükə odur ki, tərəflər birbaşa müharibədən yayınmağa çalışsalar belə, ritorikanın sərtləşməsi təsadüfi toqquşma riskini yüksəldir. “Hizbullah”ın dini legitimasiya üzərindən danışması, ABŞ-nin isə texniki və hədəfli zərbələr vurğusu münaqişəni ideoloji və hərbi müstəvidə paralel şəkildə dərinləşdirir. Nəticədə regionda gərginlik nə tam müharibə, nə də real sülh vəziyyətidir. Daha çox uzunmüddətli qeyri sabitlik mərhələsi formalaşır.

Siyasi baxımdan ən real ssenari tərəflərin qarşılıqlı qorxu üzərindən balans yaratmağa çalışmasıdır. Heç bir aktor genişmiqyaslı müharibənin məsuliyyətini üzərinə götürmək istəmir, amma heç kim də geri çəkilən tərəf kimi görünmək niyyətində deyil. Bu vəziyyət Yaxın Şərqi növbəti dəfə böyük güclərin hesablaşma meydanına çevirir və region xalqları üçün təhlükəsizlikdən çox qeyri müəyyənlik dövrünü uzadır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR