İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib. O bildirib ki, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib: “Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.
Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İran nə beynəlxalq hüquqa əməl edir, nə də özünün elan elədiyi İslam həmrəyliyinə, dəyərlərinə, qonşuluq prinsiplərinə hörmətlə yanaşır.
“İran bütün hədləri aşıb. İran otuz ildir ki, Ermənistana dəstək olub, bu ölkəni silahlandırıb, ayaqda durması üçün hər şeyi edib. Azərbaycana bu və ya digər formada müxtəlif üsullarla təhdidlər edib. Azərbaycan dövlətinin inkişafına, güclənməsinə və təhlükəsizliyinə hər zaman təhdid rolu oynamağa çalışır. Düzdü, bunların heç birinə nail olmayıb. Digər dövlətlər kimi İranın da arzuları ürəyimdə qalıb”,-deyə E.Həsənli bildirib.
Ekspert qeyd edib ki, bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir: “Azərbaycan dünyada müstəqil siyasət aparır. Çox böyük nüfuzu var. İrandan fərqli olaraq dünya birliyinin ölkələri ilə əməkdaşlıq edir, etibar qazanıb. İran isə dünya tərəfindən təcrid olunmuş bir vəziyyətdə yaşayıb. Ən ağır illərində belə İrana qarşı Azərbaycan dövləti heç bir fəaliyyət görstərməyib, öz ərazisindən ona qarşı heç bir fəaliyyətin olmasına icazə verməyib. Heç bir iqtisadi sanksiyalarda rol alamıyıb. Əksinə İran Azərbaycanın düşməni olan Ermənistana dəstək olub, həmçinin Azərbaycanda daimi təxribatların olmasına, dini radikalizmin güclənməsinə, ölkəmizə İran üzərindən narkotik vasitələrin keçirilməsinə dəfələrlə cəhdlər olunub. 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərində narkotiklərin əkilib-becərilməsi ilə yanaşı bu ərazilərdən tranzit kimi istifadə edib”.
Ekspert deyib ki, indi İranın dini lider, xarici işlər naziri iki il bundan öncə təhdid bəyanatları verən Ermənistanın baş naziri Paşinyan kimi danışırlar: “Onların danışığı bir-birindən fərqlənmir. Amma indi Paşinyan dəmir yumruğu görüb. İran Azərbaycan dövlətinə bu cür metodlarla heç bir təsir və təzyiq edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasəti də davam etdirəcəyik.
O ki, qaldı İsrailə əməkdaşlığa, Azərbaycan bu ölkə ilə dostluq və əməkdaşlıq edir. İllərlə bu əməkdaşlıq var. İsrail Azərbaycanın neftini ən çox alan ölkələrdən biridir. İsrail ən yaxşı silah istehsal edən dünyada üç- beş ölkədən biridir. Azərbaycan ən müasir texnologiyanı İsraildən alır. Bu sirr deyil, bunu gizlətmir də. Bu Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycan İran kimi gizli işlər görmür, qanuna zidd fəaliyyət göstərmir. Müharibə bitəndən sonra Ermənistan ərazisindən Qarabağa qanunsuz maşın karvanları göndərib. Azərbaycan dövləti bunun qarşısını almaq üçün dəfələrlə İrana çağırışlar edib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə Ermənistandan da çox sanki İran məyus olub. Bu, anlaşılan deyil”.
Ekspert deyib ki, İran Azərbaycana hava məkanını bağlayıb, ölkəmizin işğaldan azad olunmuş bölgələri ilə sərhəddə ordu yığıb hərbi müstəviyə keçərsə, birinci zərbəni daxildən görəcək: “İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Onlara məktəb açmayıb. Bir ovuc erməniyə isə məktəb açıb, öz dillərini inkişaf etdirmək hər cür şərait yaradıb. Orda olan azərbaycanlılara isə heç bir şey etməyib. Necə ki, İranda olan azərbaycanlılar Vətən müharibəsində haqlı savaşımızda bizi dəsklədilər, bu məsələdə də ayağa qalxıb İranın rejiminə və onun rəhbərinə layiqli cavabı verəcəklər. Bu proses arzuolunmaz istiqamətdə gedərsə, Azərbaycan lazımi addımları atacaq. Eyni zamanda Azərbaycanın müttəfiqləri-Türkiyə və Pakistan var. Azərbaycan dünyada tək deyil. Azərbaycanın özü istənilən situasiyanı İranla aradan qaldırmaq gücündədir. Müttəfiqləri ilə bir yerdə də zəruri addımlar ata bilər.
İran ağlını başına yığsın. Mən inanmıram ki, o cür qarşıdurmaya gedər, əgər gedərsə cavabını alar. İran təlimlərlə heç nəyə nail olmayıb. Xarici işlər naziri, dini lider bir gündə iki tvit atır. Bir gündə iki dəfə dalbadal açıqlamalar verir. Cığal uşaq kimi hərəkət edir. Dövlət başçısına, dövlət rəhbərinə, siyasi xadimə, xarici işlər nazirinə yaraşmayan üsullardan istifadə edirlər. Terrorbaşı kimi danışır, quldurbaşı kimi danışır, siyasi rəhbər, dövlət başçısı norma leksikondan istifadə etməlidir. Hər zaman barışdırıcı mövqedən çıxış etməlidir. İran Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti tərəfindən lazımi cavabını alıb. Əgər İran hərbi bir addım atarsa, Azərbaycan ordusu tərəfindən də cavabını alacaq”.
Ramid İbrahimov
















