• Bakı 23° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İrəvan konstitusiya dəyişikliyinə getsə... - Paşinyan Ermənistanı xəyali ölkədən real dövlətə çevirmək istəyir

SİYASƏT

04 Oktyabr 2024 | 10:38

İrəvan konstitusiya dəyişikliyinə getsə... - Paşinyan Ermənistanı xəyali ölkədən real dövlətə çevirmək istəyir

3200-dən çox Qarabağ ermənisi Ermənistan vətəndaşlığını qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəis müavini Nelli Davtyan bildirib.

Onun sözlərinə görə, ümumilikdə 4918 nəfər vətəndaşlıq almaq üçün müraciət edib, daha sonra 83 nəfər ərizəsini geri götürüb. Davtyan qeyd edib ki, müvəqqəti müdafiə statusu almaq üçün Qarabağ ermənilərindən də miqrasiya orqanlarına 112 min 233 müraciət daxil olub.

Bu faktın özü Qarabağı könüllü tərk etmiş ermənilərin qayıtmaq niyyətində olmadığını göstərir. Ancaq bəzi Qərb dairələri bu amildən məqsədli və qərəzli şəkildə öz maraqları naminə istifadə edirlər. Məsələ ondadır ki, İrəvan hökuməti də "Miatsum" və ermənilərin Qarabağa qayıdışı söhbətini gündəmdən çıxarmağa çalışır. Baş nazir Nikol Paşinyan özü dəfələrlə bəhs edilən mövzuları nağıl, xülya adlandırıb və hökumətin prioriteti olmadığını söyləyib.

Xatırladaq ki, sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqləyib. Beləliklə, rəsmi İrəvan məhkəmə qərarı ilə qondarma “miatsum”dan - Qarabağın Ermənistana birləşməsi ideyasından imtina etdiyini elan edib.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, baş verənlər Nikol Paşinyanın real Ermənistan layihəsi ilə bağlıdır.

Onun sözlərinə görə, Paşinyan hər fürsətdə bəyan edir ki, Ermənistan cəmiyyətini virtual, xəyali ölkədən real dövlətə çevirmək lazımdır:

"Faktiki olaraq xəyali "Böyük Ermənistan" insanları şovinizmə, iqrçiliyə sürükləyir. Ermənilər bütün resusrlarını bu uğurda xərcləyir və nəticədə heç nə əldə etmirlər. Ermənistan demək olar ki, məhv olub, dağıdılıb, bu gün real sərhədlərə malik deyil. Ancaq mümkündür ki, Ermənistan xalqı öz real dövlətini qursun və gücləndirsin. Bunun üçün də Tiqrandan, "Dənizdən dənizə Ermənistan" nağıllarından qurtulmaq lazımdır”.

Turab Rzayev:Paşinyan hesab edir ki, Ermənistan dövlətçiliyini qorumaq daha vacibdir

Müsahibimiz qeyd edib ki, real Ermənistanın sərhədləri təxminən 29 min kv.km-dir. Paşinyanın bununla bağlı çıxışları çoxdur. Baş nazir tənqidlərə məruz qalsa da, tərəfdarları kifayət qədərdir:

“Paşinyan hesab edir ki, Ermənistan dövlətçiliyini qorumaq daha vacibdir. Bilir ki, bütün qonşu ölkələrə ərazi iddiasında olmaq fəlakət gətirəcək məsələdir. Baş nazir özü də "Miatsum"un zərərli ideya olduğunu etiraf edir. Ona görə tədricən ərazi iddialarına son verməli, konstitusiya dəyişikliyinə getməlidir. Əgər bunlar baş verərsə, sülhün imzalanması da mümkün hala gələr. Həm də erməni cəmiyyətindəki şovinizmi aradan qaldırar".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Oktyabr 2024