Avropa liderləri Avropa İttifaqı (Aİ) ölkələrinin öz iqtisadiyyatlarına deyil, ABŞ-yə daha yaxşı sərmayə qoyduqları barədə vahid mövqe sərgiləməyə başlayıblar. Bu baxımdan, Slovakiyanın baş naziri Robert Fitso “kompromiss” əldə olunduqdan sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
Bakıvaxtı.az azvision.az xəbər verir ki, Slovakiyanın baç naziri Robert Fitso onun hakimiyyəti dövründə Ukraynadakı münaqişənin bitəcəyi halda, Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olduğunu bildirib.
“Əgər hazırkı hökumətin mandatı dövründə müharibə başa çatsa, mən Rusiya ilə iqtisadi və standart münasibətlərin bərpası üçün mümkün olan hər şeyi edəcəyəm. Aİ-nin Rusiyaya, Rusiyanın isə Aİ-yə ehtiyacı var. Bu münaqişənin hərbi həlli yoxdur. Ukrayna bu və ya digər tərəfin xeyrinə olmayacaq hansısa kompromislərə hazırlaşmalıdır”, - Fitso keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin Rusiya xammalının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitinin saxlanmasının tərəfdarı olduğunu bildirib. Böyük ehtimalla, Robert Fitso Aİ-nin rəhbərliyi vasitəsilə hərəkət etmək istəyir. Lakin Brüsselin “kompromisdən” sonra Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi hələ ki, inandırıcı görünmür. Bununla belə, pərdəarxası bəzi razılaşmaların əldə olunduğu da istisna deyil.
Belə ki, Rusiyanın resursları olmasa, Aİ ABŞ və Çinlə rəqabət potensialını itirəcək. Çünki Rusiya dünya bazarına bütün təbii ehtiyatların, o cümlədən ən mühümlərinin - taxıl, gübrə, neft və qazın təxminən 30%-ni verir. Sanksiyalara qədər Rusiyanın ucuz xammalı sayəsində inkişaf edən Aİ, bahalı Amerika xammalına keçməklə bu gün durğunluq dövrünü yaşayır.
Yeri gəlmişkən, Slovakiyanın baş naziri, eyni zamanda, öz seçicilərinin iradəsini yerinə yetirir ki, bu da Qərb siyasətçiləri üçün hazırda nadir hallardan biridir. “Ipsos” şirkətinin Mərkəzi Avropa Rəqəmsal Media Rəsədxanası (CEDMO) üçün keçirdiyi sorğunun nəticələrinə görə, Slovakiya əhalisinin yalnız dörddə biri silaha qurşanaraq öz ölkəsini müdafiə etməyə hazırdır. Rəyi soruşulanların 39%-i Ukraynadakı müharibənin “tərəflərdən birinin qələbəsi olmadan müvəqqəti sülh”lə bitməsini istəyir.
Qeyd edək ki, Slovakiyanın baş nazirinin və onun macarıstanlı həmkarı Voktor Orbanın sözügedən məsələ ilə bağlı mövqeyi Aİ-yə daxil olan ölkələrin bəzi liderləri tərəfindən də bu və ya digər şəkildə dəstəklənir.
Məsələn, Çexiya prezidenti Petr Pavel “The New York Times (NYT” qəzetinə müsahibəsində deyib ki, Ukrayna hərbi məqsədlərini real qiymətləndirməli və ərazinin bir hissəsinin “müvəqqəti olaraq Rusiyanın nəzarəti altında qala biləcəyini” qəbul etməlidir.
Hətta bir neçə ay əvvəl Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayan Frnasa prezidenti Emmanuel Makron da Avropanı Rusiya ilə münasibətləri bərpa etmək barədə düşünməyə çağırıb. Onun sözlərinə görə, Aİ “coğrafi reallıqları” nəzərə almalıdır. Makron qoca qitənin ABŞ və Çinlə rəqabəti itirməməsi üçün “yeni nizama” ehtiyac olduğunu bildirib.
Polşa prezidenti Andjej Duda isə bəyan edib ki, “heç bir utanc hissi keçirmədən Moskva ilə açıq biznesə qayıtmaq açmaq üçün bəzi ölkələr Rusiya ilə savaşın sonunu gözləyirlər”. Maraqlıdır ki, Varşava özü tədarük həcmini, eləcə də taxıl tədarükünü xeyli artıraraq Rusiya gübrələrinin idxalında Aİ-də birinci yeri tutub. Polşa, habelə, heç bir utanc hissi keçirmədən, üçüncü dövlətlər vasitəsilə Rusiyanın enerji resurslarını və yanacağını alır.
Sadalanan məqamlarda aydın olur ki, son vaxtlara qədər Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışmağa bir növ tabu qoyulurdusa, indi Moskva ilə “kompromis” haqqında bəyanatlar gündəmə gətirilir. Bu isə ondan xəbər verir ki, Qərb son nəticədə Kiyevi Kremlin ağır şərtlərini qəbul etmək məcburiyyətində qoymağa hazırlaşır.