Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın qələbə qazanması ölkənin yaxın illərdə hansı istiqamətdə hərəkət edəcəyinə dair mühüm mesaj verdi. Seçki kampaniyası dövründə Ermənistan cəmiyyətində əsas müzakirə mövzularından biri ölkənin xarici siyasət kursu, xüsusilə Rusiya ilə münasibətlərin gələcəyi və Türkiyə ilə normallaşma prosesi idi. Nəticələr göstərdi ki, seçicilərin əhəmiyyətli hissəsi Paşinyanın təklif etdiyi kursun davam etdirilməsinə üstünlük verib.
Seçkilərdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında baş tutan telefon danışığı o zaman müxtəlif şərhlərə səbəb olmuşdu. Bir çox müşahidəçilər bunu seçki kampaniyasının tərkib hissəsi kimi qiymətləndirirdilər. İndi isə seçkilər başa çatdıqdan və Paşinyan yenidən siyasi mandat əldə etdikdən sonra həmin təmasın əsl əhəmiyyəti daha aydın görünür. Bu danışıq təkcə seçki öncəsi siyasi jest deyil, Ermənistanın gələcək xarici siyasət prioritetlərinin siqnalı idi.
Paşinyan son illərdə Ermənistanın təhlükəsizlik və iqtisadi modelinin yenidən qurulmasına çalışır. 2020-ci ildən sonra regionda yaranmış yeni reallıqlar göstərdi ki, Ermənistanın uzun illər əsaslandığı geosiyasi konsepsiya artıq əvvəlki effektivliyini itirib. Məhz buna görə də rəsmi İrəvan paralel şəkildə həm Avropa ilə münasibətləri genişləndirməyə, həm də Türkiyə ilə normallaşma prosesini irəli aparmağa çalışır.
Bu prosesdə iqtisadi amil xüsusi əhəmiyyət daşıyır. Ermənistanın coğrafi məhdudiyyətləri və nəqliyyat imkanlarının zəifliyi ölkə iqtisadiyyatının inkişafını çətinləşdirən əsas faktorlardan biridir. Türkiyə ilə sərhədlərin açılması, nəqliyyat marşrutlarının bərpası və regional ticarət imkanlarının genişlənməsi Ermənistan üçün yalnız siyasi deyil, həm də iqtisadi zərurətə çevrilib. Seçkilərdən sonra Paşinyanın qarşısında duran əsas vəzifələrdən biri məhz bu istiqamətdə real nəticələr əldə etmək olacaq.
Bununla yanaşı, Moskva amili hələ də Ermənistan siyasətində mühüm yer tutur. Paşinyanın qələbəsi Rusiyanın regiondakı maraqlarının zəifləməsi anlamına gəlmir. Əksinə, Kreml Ermənistanın tam şəkildə öz təsir dairəsindən çıxmasının qarşısını almağa çalışacaq. Bunun üçün iqtisadi, enerji və təhlükəsizlik sahələrində mövcud təsir mexanizmlərinin saxlanılması istiqamətində addımların davam edəcəyi gözlənilir. Buna görə də Paşinyan hökuməti qarşıdakı dövrdə həm Qərblə inteqrasiyanı dərinləşdirmək, həm də Moskva ilə münasibətləri tam qoparmamaq kimi mürəkkəb balans siyasəti yürütməli olacaq.
Bu mənzərədə Azərbaycan və Türkiyənin rolu daha da artır. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, regionda iqtisadi kommunikasiyaların açılması və yeni imkanların yaranması ilk növbədə Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir. Məhz buna görə də seçkilərdən sonra Ermənistanın Azərbaycanla sülh gündəmini tamamilə kənara qoyması ehtimalı aşağı görünür. Əksinə, Paşinyan əldə etdiyi siyasi legitimlikdən istifadə edərək müəyyən istiqamətlərdə daha çevik qərarlar verməyə çalışa bilər.
Lakin burada əsas sual Ermənistan cəmiyyətinin və siyasi elitasının buna nə dərəcədə hazır olmasıdır. Seçki nəticələri Paşinyana yeni mandat versə də, ölkə daxilində revizionist və köhnə siyasi yanaşmaları müdafiə edən qüvvələr tamamilə aradan qalxmayıb. Buna görə də normallaşma prosesinin sürəti təkcə hökumətin istəyi ilə deyil, daxili siyasi müqavimətin səviyyəsi ilə də müəyyən olunacaq.
Ermənistanda seçkilərin əsas nəticəsi ondan ibarətdir ki, ölkə hələlik xarici siyasətdə kəskin dönüş deyil, mövcud kursun davamına üstünlük verib. İndi diqqətlər Paşinyanın seçki kampaniyasında verdiyi vədləri hansı dərəcədə praktik nəticələrə çevirə biləcəyinə yönələcək. Əgər İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılması və Azərbaycanla sülh prosesində irəliləyiş əldə edə bilsə, bu, yalnız Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsi üçün yeni mərhələnin başlanğıcı ola bilər.
Alim Nəsirov
Bakı 



