Xəbər verdiyimiz kimi, Türkiyənin təşəbbüsü ilə Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri ilə keçirilən görüşlər nəticəsində əldə olunan "taxıl dəhlizi" razılaşması çərçivəsində Ukraynanın "Razoni" gəmisi Odessa limanından ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, gəminin İstanbul və Çanaqqala boğazlarından keçərək Livanın paytaxtı Beyrut limanına çatması gözlənilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi Ukraynadan gələn və İstanbulun Qara dənizin girişində lövbər salan ilk taxıl yüklü gəminin saat 10:00-dan etibarən yoxlanılacağını açıqlayıb.
Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov ölkəsinin dünyada qarğıdalı ixracatında dördüncü olduğunu qeyd edərək, bu inkişafın qlobal ərzaq böhranına həll yolu ola biləcəyini deyib. Onun sözlərinə görə, daha 16 gəmi yola düşmək üçün Odessa limanındadır. Nazir limanlarda qapalı qalan taxılların daşınmasının Ukraynaya ən azı 1 milyard dollar xarici valyuta gətirəcəyini bildirib.
Aytac Aslan

















