Hindistanda son iki gündə həddindən artıq istilər 98 nəfərin həyatına son qoyub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Uttar Pradeşin şimalında və şərqdəki Bihar əyalətində baş verən ölümlərdən sonra səlahiyyətlilər 60 yaşdan yuxarı insanlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Həyatını itirənlərin əksəriyyətinin 60 yaşdan yuxarı olduğu açıqlansa da, həftəsonu yüzlərlə insanın Uttar Pradeşdəki xəstəxanalara isti vurması şikayəti ilə müraciət etdiyi bildirilib. Ştatdakı vəziyyətin ciddiliyi ilə əlaqədar tibb işçilərinin icazələri ləğv edilib və xəstəxanalara əlavə çarpayılar göndərilib.
Səlahiyyətlilər xəstələrin yüksək hərarət, qusma, ishal, tənəffüs çətinliyi və ürək şikayətləri olduğunu bildirib.
Qeyd edək ki, bazar günü bölgədə havanın temperaturu 43 dərəcəyə çatıb. Mütəxəssislər havadakı rütubətin vəziyyəti daha da ağırlaşdırdığını deyirlər. Hindistan Meteorologiya İdarəsi xəbərdarlıq edib ki, bu gün şəraitdə heç bir rahatlama gözlənilmir.
Biharda havanın temperaturu 45 dərəcə olub. Ştat xəstəxanalarında 200-dən çox insan müalicə olunur.
Ay Tac
















