• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

İsveçdə təhsil alan azərbaycanlı tələbə: "Məqsədim ölkəmizin adını daim uca tutmaqdır"

MÜSAHİBƏ

26 Avqust 2024 | 10:26

İsveçdə təhsil alan azərbaycanlı tələbə: Məqsədim ölkəmizin adını daim uca tutmaqdır

Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət dəstəyi və qayğısı hər zaman hiss edilir. Dövlət proqramlarının və ikili tərəfdaşlıq müqaviləsi əsasında tələbə mübadilələrinin həyata keçirilməsi buna misaldır.

Xaricdə təhsil almaq şansı əldə edən gənclərimizdən biri də Zübeyir Bağırzadədir. O, magistratura pilləsində təhsil almaq məqsədilə beynəlxalq səviyyəli "Visby" proqramına müraciət edərək həmin proqramın azsaylı qaliblərindən biri olub. Zübeyir Bağırzadə İsveçin Lund Universitetində "İnsan hüquqları" ixtisaslaşması üzrə tam təqaüd proqramı ilə magistratura təhsili alır.

Bakıvaxtı.az istedadlı gəncimizdən müsahibəni təqdim edir.

- Zübeyir bəy, özünüz haqqında məlumat verə bilərsiniz?

- Mən Zübeyir Bağırzadə 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində almış, qəbul imtahanlarında 645,9 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. Təhsilimi SABAH qruplarında davam etdirərək bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm.

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

- Uşaqlıqdan bəri arzum hüquqşünas olmaq olub. Bunun üçün həmişə əzmlə çalışmışam. Bakalvr təhsilim dövründə hər zaman düşünmüşəm ki, magistratura pilləsini xaricdə davam etdirim. Buna görə də "Visby" təqaüd proqramına müraciət etdim. İstədiyim ixtisaslaşma həmişə insan hüquqları olub, elə həmin proqram üzrə tam təqaüdlə Lund Universitetində qəbul almışam.

- Xaricdə təhsil almaq üçün bakalavr həyatınızda nələrə diqqət yetirmisiniz?

- Ümumiyyətlə, xaricdə təhsil prqoramlarında iştirak etmək üçün əsas olan bir neçə nüans var: bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq yüksək akademik göstəricilərlə məzun olmaq, sosial aktivlik və digər parametrlər. Mən təhsil dövrümdə bir çox beynəlxalq proqramlarda iştirak etmişəm. Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki qərargahında öz sahəm üzrə müxtəlif sessiyaların, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) müxtəlif beynəlxalq səviyyəli tədbirlərinin iştirakçısı olmuşam.

Bu siyahını sadalamaqla artırmaq olar, hər bir halda, sosial aktivlik nüansı məhz buna görə prioritet təşkil edir. Qeyd etməliyəm ki, dil bilgiləri də böyük rol oynayır. Beynəlxalq dil sertifikatlarına və digər rəsmi sənədlərə malik olmaq xaricdə təqaüd qazanmaqla bağlı proseslərə təsirsiz ötüşmür.

- Niyə məhz bu ixtisas? İnsan hüquqlarında sizi cəlb edən nədir?

- İnsan hüquqları ixtisası insanın fundamental haqlarını qorumaq və inkişaf etdirmək üçün geniş imkanlar təqdim edir. Bu sahə mənə müxtəlif səbəblərə görə cəlbedicidir.

Birincisi, insan hüquqları ədalət, bərabərlik və ləyaqət prinsiplərinə əsaslanır. Bu dəyərlər cəmiyyətdəki hər bir fərdin hüquqlarını və azadlıqlarını təmin etmək üçün əhəmiyyətlidir. İnsan hüquqları sahəsində çalışmaq, haqsızlıqlara qarşı mübarizə aparmaq mənə həmişə cəlbedici görünüb.

İkincisi, insan hüquqları üzrə çalışmaq, müxtəlif sosial, mədəni və iqtisadi problemlərin həllində bilik və təcrübə qazandırır. Bu sahə, fərqli mövzulara, mədəniyyətlərə və hüquqi sistemlərə dair anlayışı inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Üçüncüsü, insan hüquqları sahəsində fəaliyyət göstərmək, yalnız yerli səviyyədə deyil, beynəlxalq səviyyədə də təsir etmək imkanı yaradır. Bu ixtisas mənə dünya miqyasında insan hüquqlarının müdafiəsi və təbliğatı ilə məşğul olmaq imkanı verir. Nəticədə insan hüquqları mənə ədalətə xidmət etmək, cəmiyyətə təsir etmək və qlobal problemlərə dair həll yolları axtarmaq üçün geniş bir perspektiv təqdim edir.

Bu sahə məni həm peşəkar, həm də şəxsi cəhətdən inkişaf etdirə biləcək bir platformadır.

- Bir hüquqşünas olaraq ölkəmizi xaricdə təmsil etmək necə hissdir?

-Bir hüquqşünas olaraq ölkəmizi xaricdə təmsil etmək həm həyacanverici, həm də məsuliyyətli bir təcrübədir. Xaricdə təhsil almaq hüquq sahəsində bilik və təcrübə qazanmaqla yanaşı, eyni zamanda ölkənin hüquq sistemini və mədəniyyətini xarici ölkələrdə tanıtmaq və təmsil etmək deməkdir. Bu təcrübənin həyacanverici tərəfi fərqli hüquq sistemlərini və qanunvericilik təcrübələrini öyrənmək imkanıdır. Xaricdə təhsil alarkən, müxtəlif ölkələrin hüquqi yanaşmalarını, hüquq sistemlərinin işləmə tərzini və bu sistemlərin necə tətbiq olunduğunu anlamaq mümkündür. Bu biliklər hüquqşünasın peşəkar fəaliyyətini daha geniş və beynəlxalq səviyyədə inkişaf etdirməsinə kömək edir.

Eyni zamanda ölkəni xaricdə təmsil etmək böyük məsuliyyətdir. Hüquqşünas öz ölkəsinin hüquq sisteminin güclü tərəflərini və dəyərlərini təmsil etməli, bu sahədə əldə etdiyi təcrübələri ölkəsinə geri qaytardıqda tətbiq etməyi bacarmalıdır. Xarici ölkələrdə təhsil alan bir hüquqşünas Azərbaycanın hüquqi dəyərlərini və mədəniyyətini təqdim etməklə beynəlxalq mühitdə ölkənin imicini formalaşdırmaqda da əhəmiyyətli rol oynayır. Ən əsas məqsədim isə ölkəmizin adını hər zaman uca tutmaqdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Noyabr 2024