Artıq qəbul imtahanlarının birinci mərhələsi başa çatıb, abituriyentlər nə qədər bal topladıqlarını bilirlər. Daha ciddi bir mərhələ bundan sonra başlayır. Belə ki, imtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur.
Ancaq bəzən abituriyentlər düzgün seçim etmədiklərindən, yüksək bal topladıqları halda belə, ali məktəbdən kənarda qalırlar. Bəs düzgün ixtisas seçimi necə aparılmalıdır?
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər: “Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər”.
Ekspertin sözlərinə görə, keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir: “Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.
K.Əsədov qeyd edib ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlanmalıdırlar: “Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır”.
Müsahibimiz deyir ki, bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir: “İlk növbədə qeyd edim ki, pandemiya dövrü əmək bazarında ehtiyac olan yeni ixtisasları tələb etdi. 2021-ci ildə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamdə ixtisaslaradaha çox ehtiyacın olacağını qaçılmaz edir”.
Nuranə Daxilqızı
















