“Bir neçə il bundan əvvəl adını çəkmək istəmədiyim bir millət vəkili haray-həşir qaldırdı ki, küçə ilə gedəndə eşidib ki, 2-3 nəfər rusca danışır, dilimiz əldən gedir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında Azərbaycan Respublikasının xalq yazıçısı Kamal Abdulla deyib.
Onun sözlərinə görə, hər kəs bunu böyük bir məsələyə çevirib reaksiya verirdi ki, dili qorumalıyıq:
“Amma dili necə qorumaq lazım olduğunu heç kim demirdi. Axırda jurnalistlər mənə də bu məsələ ilə bağlı sual ünvanladılar və bir cümlə ilə cavab verdim: Bir dil ki, 3 nəfərin kiminsə yanında başqa dildə danışması ilə əldən gedəcəksə, o dil dünəndən əldən getsə yaxşıdır”.
Xalq yazıçısı qeyd edib ki, biz dilimizi öz üzərimizdə çalışmaqla, mütaliə etməklə qoruya bilərik.
“Bu cür biliklərin cəmiyyətə yeridilməsinin hansısa instansiya vasitəsilə mərkəzləşdirilməsi lazımdır. Təəssüf ki, bizdə dilçiliklə məşğul olan qurumlar bunun üstəsindən gəlmirlər. Bu gün Azərbaycan cəmiyyətində dilimiz barədə dəqiq informasiya və təsəvvür yoxdur”.
Mina Mikayılova