• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Türkiyənin Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO

SİYASƏT

06 Aprel 2026 | 15:12

Türkiyənin Baş prokuroru Azərbaycanda səfərdədir - FOTO

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün Muhsin Şəntürk Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

    Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi, eləcə də Zəfər parkında yerləşən Zəfər abidəsi ziyarət edilib.

    Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.

    Görüşdə Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

    Muhsin Şentürk təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

    Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

    Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

    Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

    Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

    Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdə həyata keçirilən hüquq islahatları və aparılan institusional dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.


    SON XƏBƏRLƏR