İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar aparmaq üçün Çinə gedib. Səfər zamanı Əraqçi çinli həmkarı Van İ ilə görüş keçirəcək və ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəlik müzakirə olunacaq.
Görüş fevralın 28-də başlamış münaqişənin dayandırılması üzrə ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi fonunda keçiriləcək. Hazırkı vəziyyətdə Çin həm Vaşinqton, həm də Tehran üzərindən strateji üstünlük qazanmağa çalışır. İddialara əsasən, Pekin bir tərəfdən iqtisadi əlaqələri qoruyur, digər tərəfdən isə İranı danışıqlara sövq edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlqar Vəlizadə İranın xarici işlər naziri Abbas Əraqçinin Çinə səfərini mühüm sayır. Onun sözlərinə görə, Çin ABŞ ilə mürəkkəb münasibətlərə malik olsa da, iki ölkə arasında dialoq davam edir:
“Tehranla Pekin arasında əsas müzakirə mövzusu enerji daşıyıcıları ilə bağlıdır. Əraqçinin Çinə səfəri təsadüfi deyil, çünki Çin dövlət başçısı ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi planlaşdırılırdı”.
İlqar Vəlizadə: Vaşinqton və Tehran arasında təmaslar olsa da, İran ABŞ-yə inanmır
Müsahibimiz qeyd edib ki, görüşdə müzakirə olunacaq digər mühüm məsələ Hörmüz boğazının mövcud vəziyyəti ilə bağlıdır. Dünyada enerji daşıyıcılarının qiymətlərinin sabitləşməsi mövzusu gündəmdədir. İranın mövqeyi olmadan bu problemli məsələlərin həlli mümkün deyil:
“Əraqçi çalışacaq ki, çinli həmkarlarına Tehranın mövqeyini izah etsin. İran ABŞ-yə hansı yollarla təzyiq göstərməyin mümkün olması barədə Pekini məlumatlandırmaq niyyətindədir. Vaşinqton və Tehran arasında təmaslar olsa da, İran ABŞ-yə inanmır və bunu açıq bəyan edir. Bu kontekstdə Çin müəyyən dərəcədə vasitəçi rolunda da çıxış edə bilər”.
Aydın Baxış
Bakı 




