• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Kamran Əliyev Dohada beynəlxalq tədbirdə iştirak edir

SİYASƏT

16 Dekabr 2025 | 12:09

Kamran Əliyev Dohada beynəlxalq tədbirdə iştirak edir

Baş prokuror Kamran Əliyev Qətərin paytaxtı Doha şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilib. Keçirilmiş səsvermə nəticəsində Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.

Baş prokuror Kamran Əliyev ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat verib. O həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.

Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir və bu sahədə Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.

Baş prokuror həmçinin qeyd edib ki, ölkəmiz bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir.

Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub.

Bundan əlavə, Baş prokuror korrupsiyaya qarşı mübarizə fəaliyyətinin özünün rastlaşdığı çətinliklər, o cümlədən korrupsiyanın miqyasının və ona qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi ilə bağlı praktiki boşluqları qeyd edərək ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə BMT-nin dəstəyi ilə hazırlanmış yeni metodologiyanın aktuallığını vurğulayıb.

Sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcək və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Assambleyanın sessiyasında həmçinin ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edir.


SON XƏBƏRLƏR