Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.
*** 12:31
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.
Bakıvaxtı.az “Sky News”a istinadən xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.
Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.
Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.
***
10:24
"Keçmiş Baş nazir Şinzo Abenin vəziyyəti kritikdir, həkimlər onun xilası üçün əllərindən gələni edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Yaponiyanın hazırkı Baş naziri Kişida Fumio deyib.
"Mən ümid edirəm və dua edirəm ki, o sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik", - Baş nazir vurğulayıb (apa).
Baş nazir Kişida deyib ki, bu sui-qəsdin siyasi təsirləri barədə danışmaq tezdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: "Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar. Biz reallıqları nəzərə almalı, vacib adekvat cavablar verməliyik".
***
10:05
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ölkənin hazırki hökumət başçısı bildirib ki, S.Abenin durumu ağırdır.
***
09:14
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter" də bildirib.
"Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın", - nazir qeyd edib.
***
09:09
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, hadisə Nara şəhərində baş verib. Şahidlər 2 atəş səsi eşidildiyini bildiriblər.
Ş.Abe huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ölkənin Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
Sabiq Baş naziri güllələyən şəxsin kimliyi müəyyənləşib. Belə ki, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.

















