"Müxtəlif illərdə ayrı-ayrı mövzulara həsr olunan regional, qlobal milli əhəmiyyətli bir sıra tədbirlər həyata keçirilir".
Bunu politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Siyasi ekspert vurğulayıb ki, hər ilin müxtəlif mövzulara həsr olunması ənənəsi çox gözəldir:
"Ulu Öndər Heydər Əliyevə, Nəsimiyə həsr olunmuş xüsusi illər, Multikulturalizm, İslam Həmrəyliyi ili təqdirəlayiqdir. Azərbaycan bu tendensiya ilə həm də dünyada gedən proseslərlə trendləri müəyyənləşdirir".
İ.Hüseynov deyib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da müstəsna əhəmiyyətlidir. Onun sözlərinə görə, il ərzində qanunvericilik və suverenliklə bağlı tədbirlər planı reallaşdırılacaq:
"Konstitusiyamızın qəbul edilməsindən sonra həyata keçirilən hüquqi islahatlar, struktur və institusional islahatlar və onların dövlətçiliyin inkişafına olan töhfəsi nəzərdə keçiriləcək. Bununla bağlı müzakirələr aparılacaq, mövzuya dair çoxsaylı tədbirlər, dəyirmi masalar təşkil olunacaq".
İlyas Hüseynov, politoloq
"Təbii ki, il ərzində suverenliyin ölkəmiz üçün əhəmiyyəti, onun əldə olunmasından sonra ölkəmizin atdığı praqmatik addımlar, dövlətimizə münasibət, Azərbaycanın müəyyən etdiyi siyasi və qlobal prioritetlər, COP29 tədbirinin yüksək səviyyədə təşkili, iqlim dəyişikliyi sahəsində verdiyimiz töhfələr geniş şəkildə müzakirə mövzusu olacaq. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sahələrdə bir sıra addımlar da atıla bilər", - deyə İlyas Hüseynov vurğulayıb.
Qeyd edək ki, 2007-ci ildən etibarən Azərbaycanda hər bir il müəyyən sahəyə həsr olunur. Bəzi illər müəyyən sahənin inkişafına diqqət ayırmaq üçün elan olunsa da, bəzi illər konkret baş verən mühüm tarixi hadisələrin yubileylərini qeyd etmək üçün adlandırılır.
Xatırladaq ki, Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir
Aydın Baxış