• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Krokus” teraktının arxasındakı maraqlı tərəflər: Müxtəlif dairələr hadisəni öz istədikləri formada aşılayırlar

DÜNYA

28 Mart 2024 | 15:10

“Krokus” teraktının arxasındakı maraqlı tərəflər: Müxtəlif dairələr hadisəni öz istədikləri formada aşılayırlar

Rusiyanın xüsusi xidmət orqanları “Krokus Siti Holl”dakı terror aktı ilə bağlı təhqiqatı davam etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələlik heç bir rəsmi versiya irəli sürülməyib:

"Hansı nəticə çıxacağını gözləmək lazımdır. Xüsusi xidmət orqanları əsaslandırılmış versiya irəli sürmək üçün işləyir".

Xatırladaq ki, "Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə qalxıb. Yaralananların sayının isə 360-a qalxdığı barədə açıqlama verilmişdi. İŞİD məlum teraktı üzərinə götürsə də, hadisə ilə bağlı müxtəlif mülahizələr mövcuddur.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiyada “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı müxtəlif versiyalar olsa da, səsləndirilən versiyaları heç biri real istintaq materiallarına əsaslanmır.

Analitik vurğulayıb ki, terrorun səbəbi, məqsədi və terrorçular barədə fikirlər əsasən müxtəlif görüntülərə, şəxsi mülahizələrə dayanır:

"Şəxsi mülahizələr söyləyənlərin siyahısına qoşulmaq istəmirəm. Hesab edirəm ki, bir müddət keçəndən sonra hadisə barədə daha dəqiq və təfərrüatlı açıqlamalar vermək mümkün olacaq”.

Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, Rusiyada baş vermiş terror hadisəsi müxtəlif dairələr tərəfindən fərqli dəyərləndirilir. Bu da ondan xəbər verir ki, teraktın arxasında bir neçə maraqlı tərəflər var. Ən azından müxtəlif dairələr baş vermiş hadisədən öz maraqları naminə maksimum istifadə edəcəklər və teraktı cəmiyyətə öz istədikləri formada aşılayacaqlar.

İlqar Vəlizadə, politoloq

İ.Vəlizadə vurğulayıb ki, istənilən terrorçu qruplar hansısa dairələrin əlində vasitə, alət olublar:

"Ona görə də terror aktları müəyyən ssenarilər əsasında və məqsədyönlü şəkildə həyata keçirilir, idarə olunur. Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsi davam edir və bu prosesdə maraqlı tərəflər bəllidir. "Krokus"dakı terror hadisəsindən sonra həmin maraqlı tərəflər yaşanmış dəhşətli olaydan öz maraqları naminə maksimum istifadə edəcəklər. Artıq buna cəhdlər özünü göstərir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024