Küçə və prospektlərimizə verilən adlar əsasən, ənənə və prinsiplərə görə təyin edilir. Küçələrə əsasən görkəmli şəxsiyyətlərin, övlət xadimlərinin adları verilir. Lakin küçələrə adlar verilərkən onların önündə titulların verilməməsi bir çoxlarında narazaılıqlara səbəb olur. Çünki əhali arasında hər kəs mütaliə ilə məşğul olmur və təbii olaraq yaşadığı küçəyə verilən adın kimliyindən xəbərsiz olur.
Sovet Hakimiyyəti dönəmində küçələrə verilən adların qarşısında həmin şəxsiyyətin kim olduğu barədə qısa məlumat verilirdi. Lakin sonradan ölkəmizdə bu qayda ləğv olundu. Maraqlısı isə budur k, bu gün ölkədə küçələrə adların verilməsinə məsul qurum haradır, bu, müəmmalıdır.
Bakıvaxtı.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqə saxlasa da, hər üç qurum tərəfindən məsələyə məsul qurumun bir-birləri olduğu qeyd edilib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə nəzarətin Əmlak Komitəsi, Əmlak Komiəsindən isə Bakı Şəhər İH olduğu bildirilib.
AMEA-nın Monitorinq şöbəsinin rəhbəri Sevinc Əliyeva bizimlə söhbəti zamanı bildirib ki, əslində adların önündə titulların verilməməsinin əhəmiyyəti ondadır ki, gənclər onlara tanış olmayan adları araşdırır və məlumatlı olurlar: “Mənə elə gəlir ki, hazırki qayda həm də yazıya qənaət prinsipi kimi qiymətləndirilə bilər. Bütün adların önündə həmin şəxsin peşəsi, kimliyinin yazılmağı həm də yer tutmuş olur. Məsələn küçəyə verilən “Polad Həşimov” adının qarşısında general yazılarsa, gələcək nəsilin nümayəndələrində bəlkə də bu, o qədər də böyük təəssürat yaratmayacaq. Amma Polad Həşimovu araşdıran gənc övünəcək ki, Polad Həşimov sıradan general deyil. Ona görə də mən hesab edirəm ki, bu addım gənclərin mənəvi cəhətdən özünü tapması üçün yaxşıdır”.
Sevinc Əliyeva qeyd edib ki, qoy gənclər araşdırsın, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər şəxsiyyətlərimiz kimdir: “Mən belə hesab edirəm ki, adların önündə titulların verilməməsi yaxşıdır. Mənim özümün də qarşıma tanımadığım şəxsiyyətin adı verilmiş küçə çıxırsa, həmin dəqiqə onu araşdırıram. Çünki bu, sıradan verilmiş qərarlar deyil. Onu da qeyd edim ki, küçələrə verilən adların seçilməsinə Monitorinq şöbəsi nəzarət etmir. Biz sadəcə həmin adların düzgün yazılışına nəzarət edirik”.
Nuranə Daxilqızı