6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Erkən nikahlar uzun illərdir ki, cəmiyyətimizdə ciddi sosial problem olaraq qalır.
Əsasən yetkinlik yaşına çatmamış qızların ailə qurmağa məcbur edilməsi onların təhsil hüququndan və gələcək imkanlardan məhrum qalması ilə nəticələnir.
Bu tip nikahların kökündə, adətən, köhnəlmiş adət-ənənələr, təhsilsizlik, iqtisadi çətinliklər və ailədaxili təzyiqlər dayanır.
Bəs, maraqlıdır, bu istiqamətdə cəzaların daha da sərtləşməsinə ehtiyac varmı? Və cəzaların sərtləşməsini erkən nikahların qarşısının alınmasında çıxış yolu olaraq görmək düzdürmü?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, erkən evliliklərin qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir və qanunvericilikdə dəyişikliklər edilir.
T.Mərdanoğlu qeyd edib ki, Ailə Məcəlləsində qızların nikah yaşı oğlanlarla bərabərləşdirilərək 18 yaşa çatdırılıb. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nikah yaşına çatmayan qadını nikaha məcbur etməyə görə cəza tədbirləri müəyyən edilib (Maddə 176). Digər maddədə isə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə məsuliyyət nəzərdə tutulub (Maddə 152).
Komitə rəsmisi əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq olunub. Qaydanın icrası 14 aidiyyəti quruma və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
“Təhsil müəssisələrində – məktəblərdə, ilk peşə və orta təhsil müəssisələrində – şagird, tələbə, müəllim və valideynlərin iştirakı ilə Ailə Komitəsi və tabeliyindəki Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən evlilik və qohum evliliklərin mənfi nəticələri ilə bağlı mütəmadi maarifləndirici görüşlər keçirilir”, – deyə T.Mərdanoğlu bildirib.
O əlavə edib ki, Dövlət Komitəsi uşaq evliliyi ilə bağlı məlumat daxil olduqda, Komitənin tabeliyindəki Uşaq və Ailələrə Dəstək Mərkəzləri, yerli icra hakimiyyətləri və polis nümayəndələrinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir. Bu səfərlərdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur və belə halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
“Təhsildən yayınan və sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqların ailələri ilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən evlilik faktlarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir”, – o vurğulayıb.
Teymur Mərdanoğlu: Erkən evlilik halları hələ də cəmiyyətimizi narahat edir
Mətbuat katibi həmçinin bildirib ki, Dövlət Komitəsinin dəstəyi ilə uşaq hüquqlarının müdafiəsi üçün 116111 qaynar xətti yaradılıb.
Bütün bu dövlət tədbirlərinin nəticəsi olaraq əvvəlki illərlə müqayisədə erkən evliliklərin və 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə olunur. T.Mərdanoğlu qeyd edib ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub, 2023-cü ildə 1742, 2024-cü ildə isə bu göstərici 1279 nəfərə düşüb.
“Buna baxmayaraq, erkən evlilik halları hələ də cəmiyyətimizi narahat edir. Azərbaycan demokratik ölkədir və azyaşlı uşaqları erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz. Bu hallar birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi qiymətləndirilir. Erkən evliliklərin mənfi nəticələrinin qarşısını almaq üçün ciddi addımlar atmaq zərurəti yaranıb”, – deyə T.Mərdanoğlu bildirib.
O həmçinin əlavə edib ki, erkən evliliklərin qarşısının alınması məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib. 2024-cü ildə qəbul olunmuş Qanuna əsasən, Ailə Məcəlləsində nikah yaşının istisna hallarda 1 il azaldılması ilə bağlı icazələrin verilməsi ləğv edilib.
Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə, eləcə də İnzibati Xətalar Məcəlləsində on altı yaşına çatmayan şəxslə bağlı evliliyə dair sövdələşmələrdə və dini kəbinkəsmə mərasimlərinin keçirilməsində cəza tədbirləri müəyyən edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
“Lakin belə halların qarşısının alınması üçün yalnız dövlət tədbirləri kifayət deyil. İctimai fəal insanlar, qeyri-hökumət təşkilatları, din xadimləri və ümumilikdə bütün cəmiyyət üzvləri bu prosesdə fəal iştirak etməli, erkən evliliklərin qarşısının alınmasına dəstək olmalıdır”, – deyə T.Mərdanoğlu əlavə edib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, erkən nikahlar məsələsi zaman-zaman gündəmə gəlir və cəmiyyəti narahat edən problemlərdən biri olaraq qalmaqdadır.
Deputat qeyd edib ki, dəfələrlə xəbərdarlıqlar və müzakirələr aparılsa da, hələ də erkən nikah halları ilə rastlaşırıq:
“Təəssüf ki, bəzi valideynlər bu xəbərdarlıqlardan nəticə çıxarmır və övladlarını erkən nikaha məcbur edirlər”.
Azərbaycanda erkən nikahların qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər məhdudiyyətlər və cəzaların nəzərdə tutulduğunu deyən A. Əlizadə bildirib ki, qanunların daha da sərtləşdirilməsi bu sahədə ciddi və effektiv nəticə verməyəcək. O hesab edir ki, problemin həlli üçün maarifləndirmə işlərinin gücləndirilməsi və ictimai qınağın artırılması daha təsirli ola bilər.
Arzuxan Əlizadə: Erkən nikahların qarşısının alınmasının ən effektiv yolu cəmiyyətin maarifləndirilməsi və ictimai qınağın gücləndirilməsidir
“İctimai qınaq cəmiyyətin mövqeyini formalaşdırmaq və valideynləri məsuliyyətə çağırmaq baxımından vacibdir. Erkən nikaha şərait yaradan valideynlərin müzakirəyə çıxarılması, məsələlərin ictimailəşdirilməsi və onların cəmiyyət qarşısında qınaq obyektinə çevrilməsi çəkindirici amil kimi rol oynaya bilər”, – deyə deputat əlavə edib.
Millət vəkili həmçinin vurğulayıb ki, informasiya vasitələri, xüsusən televiziya kanalları erkən nikah mövzusunu mütəmadi gündəmdə saxlamalıdır və hər belə hadisə baş verdikdə geniş müzakirələr aparılmalı, maarifləndirici materiallar yayımlanmalıdır:
“Qısası, erkən nikahların qarşısının alınmasının ən effektiv yolu cəmiyyətin maarifləndirilməsi və ictimai qınağın gücləndirilməsidir. Qanunların sərtləşdirilməsi ilə ciddi nəticə əldə etmək mümkün deyil, çünki mövcud qanunvericilik bazası kifayət qədərdir”.
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb
Mina Mikayılova