• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Milli təhlükəsizlik və insanlığa yardımın kəsişməsi: Azərbaycan sistemi

SİYASƏT

23 Sentyabr 2025 | 10:55

Milli təhlükəsizlik və insanlığa yardımın kəsişməsi: Azərbaycan sistemi

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələlərinin yalnız hərbi aspektlərlə məhdudlaşdırılması artıq mümkünsüzdür.

Qlobal miqyasda baş verən iqlim dəyişiklikləri, kütləvi miqrasiya, texnogen qəzalar, təbii fəlakətlər, silahlı münaqişələr və informasiya müharibələri dövlətlərin təhlükəsizlik müstəvisini tamamilə yeni məzmunla zənginləşdirib. Bu çağırışlar qarşısında xüsusi xidmət və təhlükəsizlik orqanlarının ən mühüm vəzifələri - təhlükələrin vaxtında aşkarlanması, erkən xəbərdarlıq mexanizmlərinin qurulması və potensial risklərin qarşısının alınmasıdır.

General-polkovnik Əli Nağıyevin qeyd etdiyi kimi, humanitar böhranların qarşısının alınması yalnız fövqəladə hallara fiziki müdaxilə ilə məhdudlaşmır. Bu, kompleks yanaşma tələb edən çoxşaxəli prosesdir: risklərin öncədən proqnozlaşdırılması, kəşfiyyat məlumatlarının operativ emalı, humanitar strukturların və dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, eyni zamanda ictimaiyyətlə səmərəli kommunikasiya sistemlərinin yaradılması əsas prioritetlər sırasındadır.

Azərbaycan bu reallıqları nəzərə alaraq, milli təhlükəsizlik siyasətində yeni yanaşmalar formalaşdırır. Bir tərəfdən, texnoloji innovasiyaların - süni intellekt əsaslı analizlərin, pilotsuz uçuş aparatlarının (dronların), PEEK tipli müşahidə sistemlərinin, mobil rabitə operatorları vasitəsilə məlumat mübadiləsinin tətbiqi planlaşdırılır. Digər tərəfdən isə beynəlxalq əməkdaşlıq formatlarının gücləndirilməsi, xüsusən də BMT, NATO, Avropa qurumları, Türk Dövlətləri Təşkilatı və digər strateji tərəfdaşlarla qarşılıqlı məlumat mübadiləsi, birgə təlimlər və humanitar mexanizmlərin inkişaf etdirilməsi hədəflənir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, ümumiyyətlə, xüsusi xidmət orqanlarının qarşısında duran əsas vəzifələr aşkarlama, xəbərdarlıq etmə və qarşısını alma tədbirləridir. Məhz bu istiqamətdə fəaliyyət qurulur, müxtəlif versiyalar irəli sürülür və həmin versiyalara uyğun qərarlar qəbul edilir:

"Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevin də vurğuladığı kimi, humanitar böhranların qarşısının alınması yalnız fövqəladə hallara fiziki müdaxilə ilə məhdudlaşmır. Burada həm də erkən xəbərdarlıq, kəşfiyyat və humanitar strukturların koordinasiyalı fəaliyyəti mühüm rol oynayır".

Arzu Nağıyev: Bu tədbirlər regionda humanitar böhranların qarşısının alınmasına da mühüm töhfə verəcək

Onun sözlərinə görə, bu baxımdan təhlükəsizlik orqanları yeni mexanizmlərin tətbiqini nəzərdə tutur. Erkən xəbərdarlıq və proqnozlaşdırma sistemləri kimi PEEK texnologiyası, dron müşahidələri, süni intellektə əsaslanan analizlər və mobil rabitə operatorları vasitəsilə məlumat mübadiləsi imkanları ön plana çıxır:

"Koordinasiyalı fəaliyyət çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, səhiyyə qurumları, humanitar təşkilatlar və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəzərdə tutulur. Bu prosesdə cəmiyyətlə mütləq şəkildə əlaqə və sağlam kommunikasiya da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həm kütləvi informasiya vasitələri ilə əhaliyə xəbərdarlıqların göndərilməsi, həm də icmaların özünümüdafiə və ilkin yardım qruplarına hazırlanması, kritik infrastruktur - enerji, su, rabitə şəbəkələri və strateji əhəmiyyətli obyektlərin fasiləsiz işləməsini təmin edəcək mexanizmlərin qurulması əsas hədəflərdəndir".

Müsahibimiz qeyd edib ki, eyni zamanda, beynəlxalq əməkdaşlıq da xüsusi önəm daşıyır:

"Məlumdur ki, keçirilən forumda 90-a yaxın ölkənin xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat qurumları iştirak etmiş, bu isə genişmiqyaslı məlumat mübadiləsinə şərait yaratmışdır. BMT, digər humanitar təşkilatlar, NATO, Avropa strukturları, Türk Dövlətləri Təşkilatı, həmçinin dostluq münasibətində olduğumuz digər beynəlxalq qurumlarla informasiya və təcrübə mübadiləsi, yeni kommunikasiya mexanizmlərinin qurulması planlaşdırılır".

Həmsöhbətimiz qeyd edib ki, bütün bu tədbirlər ölkəmizin milli təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regionda humanitar böhranların qarşısının alınmasına da mühüm töhfə verəcək. Bu istiqamətdə aparılan islahatların və uğurlu siyasətin başında isə Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasət dayanır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

22 Sentyabr 2025