• Bakı 29° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Oxucu nə istəyir? - SORĞU

CƏMİYYƏT

22 Iyul 2026 | 12:53

Oxucu nə istəyir? - SORĞU

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 151-ci ildönümü qeyd olunur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər ərzində cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında və informasiya təminatında mühüm rol oynayıb.

Peşə bayramı münasibətilə media nümayəndələri bir-birini təbrik edir, milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salırlar. Bakıvaxtı.az olaraq biz də bu əlamətdar gündə məsələyə fərqli rakursdan yanaşmaq qərarına gəldik.

Axı mətbuatın əsas ünvanı hər zaman oxucu olub. Bəs bugünkü oxucu hansı mövzuları oxumağa üstünlük verir? Hansı yazılar diqqətini sonadək cəlb edə bilir, hansıları isə yarımçıq qalır?

Bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında kiçik sorğu keçirdik. Respondentlərin cavabları göstərdi ki, müasir oxucunun maraq dairəsi kifayət qədər rəngarəng olsa da, onların əksəriyyəti təkcə xəbəri deyil, hadisələrin səbəblərini və mahiyyətini izah edən keyfiyyətli məzmun axtarır.

Sorğuda iştirak edənlərin bir qismi şou-biznes və sosial mövzularla bağlı yazılara üstünlük verdiyini bildirib. Lakin onlar sensasiya xarakterli xəbərlərdən daha çox hadisələrin arxa planını, səbəblərini və geniş izahını təqdim edən materiallara maraq göstərdiklərini qeyd ediblər.

Respondentlərdən biri yazının mövzusundan çox, təqdimat formasının önəmli olduğunu düşünür:

“Açığı, indi vaxt az olduğuna görə hər yazını oxumuram. Amma dil sadədirsə və ilk abzas diqqətimi çəkirsə, istər uzun olsun, istər qısa, axıra qədər oxuyuram”.

Şou-biznesi izləyənlər arasında da fərqli yanaşmalar var:

“Şou-biznes xəbərlərini sevirəm, amma dedi-qodu yox. Məşhurların müsahibələri, uğur hekayələri və ya pərdəarxasında baş verən maraqlı hadisələr haqqında yazılar daha çox diqqətimi çəkir”.

Sorğuda yazı oxumağa əvvəlki qədər vaxt ayırmadığını deyənlər də olub:

“Düzü, əvvəlki kimi yazı oxumuram. İndi daha çox qısa videolara baxıram. Yazı ancaq mövzusu həqiqətən maraqlı olanda və ilk hissədən diqqətimi çəkəndə sonuna qədər oxuyuram”.

Texnologiya mövzularına maraq göstərən respondent daha çox süni intellektlə bağlı yazıları maraqla oxuduğunu qeyd edib.

Bəzi iştirakçılar isə yalnız müəyyən sahələri izlədiklərini bildiriblər:

“Açığı, yazı oxuyan deyiləm. Əsas idmanla bağlı xəbərlərə baxıram, başqa mövzular marağımı çox çəkmir”.

Sorğunun nəticələri göstərir ki, müasir oxucunun maraq dairəsi fərqli olsa da, hamını birləşdirən ortaq məqam var: insanlar artıq yalnız xəbəri oxumaq yox, hadisələrin mahiyyətini anlamaq istəyirlər. Maraqlı təqdimat, sadə dil və faydalı məzmun isə yazının sonadək oxunmasında əsas rol oynayan amillər kimi ön plana çıxır.

Milli mətbuatın 151 illik yubileyi bir daha göstərir ki, informasiya platformaları dəyişsə də, keyfiyyətli jurnalistikaya və etibarlı informasiyaya ehtiyac dəyişmir. Oxucunun marağını qazanmaq və onu qoruyub saxlamaq isə bu gün də mətbuatın qarşısında duran əsas vəzifələrdən biri olaraq qalır.

Zeynəb Rzayeva  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026