İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu, qalmaqallı fəaliyyəti ilə tanınan 34 yaşlı Yair Netanyahu rəsmi olaraq adını dəyişərək "Yonatan Hun" qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti İsrailin vergi sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Yair Netanyahunun 2026-cı ilə aid vergi bəyannamələri yeni rəsmi adı ilə qeydiyyata alınıb. Lakin sənədlərdəki eyniləşdirmə (şəxsiyyət) nömrəsi və yaşayış ünvanı onun 2024-cü ildəki rəsmi doğum adı ilə təqdim etdiyi vergi sənədləri ilə tamamilə eynidir.
Qeyd edək ki, İsrail qanunvericiliyinə əsasən, rəsmi ad dəyişikliyi edildiyi andan etibarən növbəti 7 il ərzində geri qaytarıla bilməz (dəyişdirilə bilməz).
Xatırladaq ki, sağçı fəal və podkaster kimi tanınan 34 yaşlı Yair Netanyahu son bir neçə ildir ki, ABŞ-ın Florida ştatında yaşayır. O, sosial şəbəkələrdəki provokativ paylaşımları, eləcə də ABŞ və Avropanın radikal sağçı siyasətçiləri ilə yaxın əlaqələrinə görə tez-tez tənqid hədəfinə çevrilir.
Bakı 



