Son illər ölkəmizdə oğurluq hallarının artdığı müşahidə edilir. Məişət əşyalarından tutmuş qəbiristanlıqdan oğurluğa qədər müxtəlif hadisələrin baş verdiyini eşidirik.
Bəs oğurluq hallarında müşahidə olunan bu artım nə ilə bağlıdır?
Kriminal ekspert Şəmsəddin Əliyev bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki,dünyada siyasi, sosial, iqtisadi və digər sahələrdə baş verən ciddi qlobal dəyişikliklər insanların mülkiyyətinin ictimai təhlükəsizliyinin təmin edilməsi istiqamətində problemlər yaradır:
“Dünyada kifayət qədər cinayət hadisələri olmayan ölkələr var. İsveç, Norveç kimi Avropa ölkələrində cinayət nədir bilmirlər. Amma cinayətkarlıq Yaponiyada geniş yayılıb. Orada oğurluqlar o qədər çoxdur ki, artıq əhali bununla bağlı polisə müraciət də etmək istəmir”.
Onun sözlərinə görə, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Burada əhalinin 120 nəfərinə 300 polis düşür. Bu da bizə cinayətkarlıqla mübarizənin qismən də olsa, qarşısını almağa kömək edir.
Müsahibimiz hesab edir ki, oğurluqların səbəbi bütün dünyada sosial vəziyyətlə bağlıdır:
“Bakıda miqrasiya kifayət qədər çoxdur. İnsanlar işləmək üçün rayonlardan paytaxta axın edirlər. Bu isə paytaxtda insanların cinayət əməllərini nəzarətə almağı da çətinləşdirir. İqtisadi çətinliklər, işsizliyin olması, azadlıqdan məhrum olan şəxslərin heç bir məşğuliyyətinin olmaması cinayətlərə meyli artırır. Əslində, bu məsələni problemə çevirmək olmaz. Cinayət varsa, cəza da var. Cinayət Məcəlləsində oğurluq anlayışı belə verilib: “Özgənin əmlakını gizli yollarla talamaq”. Oğurluq əməllərinin açılması üçün də kifayət qədər zaman tələb olunur. Müəyyən mənada gecikmələr olsa da, cinayətkarlar zamanla silsilə şəklində ifşa olunurlar”.

Şəmsəddin Əliyev: İnsanlar işləmək üçün rayonlardan paytaxta axın edirlər, bu isə...
İqtisadi çətinliklər, işsizlik, azadlıqdan məhrum olan şəxslərin məşğuliyyətinin olmaması cinayətlərə meyli artırır
Ekspert oğurluq hallarının, cinayətlərin azalması üçün ölkədəki müxtəlif qurumların birlikdə fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb:
“Oğurluq olmasın deyə vətəndaş işlə təmin olunmalıdır. Hərənin öz ixtisasına uyğun məşğulluğu olmalıdır. Ailə komitənin nəzarətində olmalıdır. Bu işlər hamısı bir-birinə bağlıdır. Amma faktiki olaraq meydanda Daxili İşlər Nazirliyi təkbaşına mübarizə aparır. İstərdim ki, bu məsələdə Nazirlər Kabinetinin tərkibinə daxil olan Mərkəzi İcra Hakimiyyəti orqanları koordinasiyalı şəkildə işləsinlər. Oğurluğun qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar birlikdə cinayətkarlıqla mübarizə aparsınlar. O zaman qismən də olsa cinayətkarlığı azaltmaq olar. Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizədə dövlət siyasətini formalaşdırmaqda rolu böyükdür. Digər qurumlar da ona dəstək olmalıdır. Cinayətkarların ərsəyə gəlməsində cəmiyyətin ailənin kollektivin də rolu danılmazdır. Ailə və kollektiv bu mənada öz öhdəsinə düşən işi görməlidir. Nə qədər hüquq var cinayət də olacaq. Çox istərdim ki, qəsdən törədildiyinə görə oğurlara qarşı tədbirlər daha da sərtləşdirilsin”.
Günəş Mərd
















