ABŞ və İran arasında Omanda danışıqların keçirilməsi razılaşdırılsa da, məlumatlara görə, bu görüş ləğv olundu və tərəflər masaya oturmadı.
Bir neçə gün öncəyə qədər həmin təmaslar Vaşinqtonla Tehran arasında gərginliyin hərbi mərhələyə keçməməsi üçün son imkan kimi dəyərləndirilirdi. Yəni, diplomatiya hələ tam bağlanmamışdı, sadəcə son həddə çatmışdı. İndi isə yayılan məlumatlar göstərir ki, bu pəncərə də bağlanıb və proses daha sərt mərhələyə daxil olub.
Məsələnin mahiyyəti dəyişməyib. İran açıq şəkildə bildirir ki, nüvə məsələsindən kənar heç bir mövzunu müzakirə etməyəcək. Ballistik raket proqramı, raketlərin mənzilinin genişləndirilməsi və regional müttəfiqlərə, o cümlədən “Hizbullah”a dəstək Tehranın toxunulmaz sahəsi kimi təqdim olunur. ABŞ isə məhz bu başlıqların danışıqlar paketinə daxil edilməsində israrlıdır. Bu ziddiyyət masanın dağılmasını faktiki qaçılmaz edirdi və görüşün ləğvi tərəflərin bir-birinə açıq mesajı oldu.
Bu fonda Yaxın Şərqdə hərbi daşımaların artması və ABŞ qüvvələrinin regionda fəallaşması təsadüfi deyil. Diplomatiya dayandıqda yaranan boşluq adətən hərbi planlarla doldurulur. Hücum ehtimalı ilə bağlı yayılan məlumatlar həm psixoloji təzyiq vasitəsidir, həm də real hazırlığın mövcudluğunu göstərir. Vaşinqton üçün bu mərhələdə məqsəd ya Tehranın son anda mövqeyini yumşaltmasıdır, ya da güc variantını beynəlxalq ictimaiyyət üçün əsaslandırmaq.
İran tərəfi isə bu cür təzyiqlərə öyrəşib və hesab edir ki, geri addım daxildə zəiflik kimi qəbul olunar, regional mövqeləri sarsıdar. Buna görə də riskin artdığını görsə də, mövqeyini dəyişmir. Nəticədə tərəflər bir-birini sınağa çəkir.
Oman görüşünün ləğvi göstərdi ki, artıq söhbət texniki detalların müzakirəsindən deyil, siyasi iradələrin toqquşmasından gedir. Bu mərhələdə ya kənar bir impuls prosesi yenidən diplomatiya xəttinə qaytaracaq, ya da bölgə daha təhlükəli bir mərhələyə daxil olacaq.
Ruslan Zəngəzur
Bakı 




